Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının birinci iş günündə qurumun sədri xanım Ann Brassör jurnalistlərə sessiya ərzində müzakirə ediləcək əsas məsələlər haqqında məlumat verib.
APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA rəhbəri son zamanlar Avropaya üz tutan qaçqınların vəziyyətinə və aprelin 19-da Aralıq dənizində 700 nəfərə yaxın insanın batmasına toxunub. A. Brassör bu yaxınlarda Türkiyədə səfərdə olduğunu söyləyib və bu ölkənin qaçqınlarla bağlı həyata keçirdiyi işləri yüksək qiymətləndirib: "Türkiyə-Suriya sərhədindəki qaçqınlar ordusu məni heyrətə gətirdi. Türkiyə dövləti bu qaçqınları qəbul edib, onlara ilkin şərait yaradaraq çox böyük işlər görüb. Biz Türkiyənin bu hərəkətini mütləq dəstəkləməliyik. Mən bəzi Avropa siyasətçilərinin Avropada qaçqınlar üçün xüsusi düşərgələrinin yaradılmasına qarşı çıxmalarına gördükdə utanc hissi keçirirəm”.
A. Brassör jurnalistlərin sualına cavab olaraq Azərbaycan qaçqınları və məcburi köçkünlərinin vəziyyəti haqqında da fikrini bildirib: "İstər qaçqın olsun, istərsə də bir ölkənin daxilində məcburi köçkün olsun, belə bir vəziyyət qəbuledilməzdir. Biz bütün üzv ölkələrimizdə baş verən bu cür münaqişələr səbəbi ilə bu qədər qaçqın və məcburi köçkünün olmasını və buna səbəb olan münaqişələri qətiyyətlə pisləməliyik. Zorakılıq əməlləri və ya siyasi səbəblər nəticəsində qaçqın düşmüş bütün insanlarla həmrəy olmalıyıq. Azərbaycanda Xocalı faciəsinə həsr edilmiş monumenti ziyarət edib-etmədiyimi soruşdunuz. Deməliyəm ki, mən ötən il iki dəfə Azərbaycana səfər etmişəm, amma yaxın zamanlarda belə bir səfərim planlaşdırılmayıb. Ancaq bir daha deyirəm ki, mən bütün zorakı əməllərin və təcavüzlərin qurbanlarının xatirəsini əziz tuturam. Çünki təcavüz heç bir zaman cavab ola bilməz. Bundan başqa, Ermənistana qarşı sanksiya məsələsini qaldırdınız. Bəli, hərdən sanksiyalar da tətbiq etmək lazımdır. Amma ən vacib olan məsələ dialoq və cavablar axtarıb tapmağımızdr. Mən münaqişə tərəfləri olan ölkələrə hər səfərimdə çalışmışam ki, tərəfləri barışdırım. Əlbəttə, bunun nə qədər çətin və mürəkkəb olduğunu çox gözəl başa düşürəm, amma buna yenə də inanıram və bir daha bildirirəm ki, çıxış yolu yalnız və yalnız tərəflər arasındakı dialoqdur”.