Elmar Məmmədyarov Riqa sammitindən danışdı

Azərbaycan Avropa Şurasının çərçivəsində də öz fəaliyyətini çox yüksək səviyyədə davam etdirir və bundan sonra da bu təşkilatla əməkdaşlığı davam etdirəcək.


XİN-dən  bildirilib ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Kabinetinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reynders ilə keçirdiyi mətbuat konfransında bildirib.


Nazir Riqa Sammiti ilə bağlı deyib ki, bu, Vilnüs sammitindən sonrakı iki il ərazində Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqı arasında münasibətlərin inkişafının qiymətləndirilməsi üçün vacib bir platformadır. Hər kəs regionda baş verənlərdən xəbərdardır, bu baxımdan Riqa sammiti mühüm tədbirdir.


Azərbaycanın Sammitdən gözləntilərinə gəlincə, biz Avropa İttifaqı ilə strateji elementlər çərçivəsində, xüsusilə enerji sahəsində öz əməkdaşlığımızı qururuq. Enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum Prezident İlham Əliyev və Prezident Barosso tərəfindən imzalanıb. Məhz bu memorandum Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün ideyalara yol açıb. Həmçinin bu yaxınlarda təməli qoyulan Trans Anadolu boru xətti də Avropa İttifaqı ilə müzakirələrin tərkib hissəsidir.


O, Azərbaycanda insan hüquqları müdafiəçilərinin durumu ilə bağlı söyləyib ki, Azərbaycan QHT-lər sahəsində ikili standartlarla üz-üzədir və bu ikili standartlar bizim yaxın qonşularımız da daxil olmaqla, digər ölkələrə deyil, məhz Azərbaycana münasibətdə özünü büruzə verir. Bu baxımdan ən vacib məqam Ermənistanın Azərbaycana təcavüzünün humanitar aspektləridir.


E.Məmmədyarov diqqətə çatdırıb ki, Avropada qaçqınlar məsələsi geniş şəkildə işıqlandırılır, qızğın müzakirələrə səbəb olur. Lakin Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünləri barəsində jurnalistlər ümumiyyətlə danışmır və ya səthi şəkildə mövzuya toxunurlar, həmçinin işğal edilmiş ərazilər və etnik təmizləmə müzakirədən kənar qalır: "Bu məsələdə mən regionda baş verən hadisələrlə bağlı hesabatda dürüst və tərəfsız olmaq istəyən jurnalistlərə bildirmək istəyirəm ki, insanların hüquqlarının pozulması məsələsində əsas istinad İnsan Hüquqlarına dair Universal Bəyannamənin I bəndi olmalıdır, hansı ki bu bənd insanların mənsub olduğu yerlərdə yaşamaq hüququnu təsbit edir. Təəssüf ki, bu bənd Azərbaycana münasibətdə Ermənistan tərəfindən pozulub."