Elza Seyidcahan: "Azərbaycan qadını ərinin yolunu gözləməlidir”

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın AzNews.az-a müsahibə verib.

Sabahinfo.az müsahibəni təqdim edir:


- Elza xanım, Azərbaycan təxminən dördgünlük müharibədə oldu. İtkilərimizlə yanaşı, uğurlarımız da oldu. Ölkədə maraqlı proseslər getdi. 7-dən 70-ə hamının içindəki Qarabağ sevdası oyandı. Bu baş verənlər Elza Seyidcahanın baxışında necə görünür?

- Mən həmişə cəbhə bölgələrində oluram, əsgərlərin görüşünə gedirəm. Düşünürəm ki, onları hər bayramda yada salmalı, qəlblərini mahnılarımla ruhlandırmalıyam. Bu, mənim vətəndaş borcumdur. Əminəm ki, buna az da olsa nail olmuşam. Qarabağın ən qaynar nöqtələrində, məsələn Tərtərin Tapqaraqoyunlu kəndində dəfələrlə olmuşam. Güllə səsləri altında biz əsgərlərə konsert vermişik. Heç nədən çəkinməmişəm. Hətta bəzən əsgərlər bizə o nöqtələrə yaxın getməyə izacə verməyiblər. Deyiblər ki, yaxın getməyin, sizi vurarlar. Amma buna baxmayaraq, onlarla bir yerdə olmaqdan qürur duymuşam. Bilirsiniz, mən cəbhə bölgələrində olanda daha cürətli oluram. Orada insanın ağlına nələr gəlmir. İstəyirsən öz torpağında gəzəsən, bayrağını sancasan, oranın ab-havasını duyasan. Zarafat deyil, görün neçə ildir ki, insanlar həmin torpaqlarda gəzmir. O torpaqlar insan ayağına möhtacdır. Füzulinin Horadiz qəsəbəsində olanda istəmişəm ki, getdikcə gedim, qarşımı kəsməsinlər. Mənə acıq gəlirdi ki, axı niyə mən öz torpağıma keçə bilmirəm? Niyə mən o torpağa 100 metr məsafədən baxmalıyam? Baxın, Azərbaycan bu günə kimi şəhid verir. Mən o əsgərləri çox gözəl anlayıram. Onlar döyüşdə olarkən heç birinin gözünə arxasında qoyub getdiyi əzizləri görünmür. Onları bir şey düşündürür - torpağı düşməndən xilas etmək, vəssalam. Heç bir əsgər düşünmür ki, anası-bacısı, ailəsi gözüyaşlı qala bilər. Onlar üçün şəhid olmaq şərəfdir. Əsgərlər bütün bunları gözə alıb döyüşə girirlər. Hər bir əsgər döyüşə girərkən öz ölümünə fərman verir. Cəbhə bölgəsində əsgərlərlə bir arada olsam da, orada baş verənləri yaradıcılığımda da əks etdirməyə çalışıram. Mən bu dəfə döyüş gedən ərəfədə iki böyük əsər yazdım.

- Onlar hansılardır?

- Birincisi "Vətən başın sağ olsun və ikincisi prezidentin şəklinin əsasında yazdığım "Bir yumruq olaq” şeirləri. Bundan əlavə şəhidlərimizin bəzilərinin ailəsində oldum, onların anaları ilə söhbət edib, dərdinə şərik oldum. O görüşlərdə şəhid anaları övladları haqqında nələr danışmırdılar… Adamın ürəyi parçalanırdı. Ona görə də "Bir yumruq olaq” şeirinə "Qələbə” marşı bəstələdim. Hazırda oranjımandadır. Yaxın vaxtlarda onu tamaşaçılara təqdim edəcəyəm.

- Həmkarlarınızın bəziləri döyüş bölgələrinə yollanıblar…

- Bəli, mən onların hər birini alqışlayıram. Mən də cəbhə bölgəsində olan videogörüntülərimi sosial şəbəkələrdə paylaşıram. Bu görüntülər əsgərlərə ruh yüksəkliyi vermək üçündür. Əsgərlər düşünür ki, onların şəhid olan dostları yaşayır, onlarla bir yerdədir. Hətta mən düşünürəm ki, onların bəziləri də dostları kimi şəhid olub tarixə yazılmaq arzusu ilə yaşayır. Əlbəttə, heç bir vətəndaş istəməz ki, qan tökülsün. Amma qan tökülməsə qələbə olmur. Bütün insanlar ölür, amma onlar bayrağa bükülmür. Görün şəhid adı nə qədər böyükdür ki, onlar dövlətin atributu olan üç rəngli bayrağa bükülür. Mən bu yaxınlarda gedən döyüşlər zamanı cəbhədə olmamışam. Amma ondan əvvəl Naxçıvan, Tərtər, Füzuli, Ağdam rayonlarının müxtəlif kəndərində olmuşam. Hətta yadımdadır, Ağdamın kəndində olarkən orada yerli əhalidən biri dünyasını dəyişmişdi. Onu dəfn edən zaman ermənilər camaatı güllə atəşinə tutmuşdu. Onlar öz meyitlərini dəfn edə bilməmişdilər. İnanın ki, həmin insanların hamısı elə oradaca ölə bilərdi. Bizim insanlar öz qəbiristanlıqlarına rahat gedib ölülərini ziyarət edə bilmir. Yerli əhali o qədər güllə səsi eşidib ki, bəlkə də daha o səslər onlar üçün adi hal alıb. Nə qədər güllə səsi olsa da, yerli əhali həmişə qəbirlərini ziyarət edir, həyat yaşayışını davam etdirir. Hətta ölülərini də orada dəfn edirlər. Yəni, onlarda ümid var ki, doğrudan da bu torpaqlar qayıdacaq. Mən düşünürəm ki, əsgərləri, döyüş bölgələrini tək döyüş gedən vaxtlarda yada salmaq lazım deyil. Cəbhə bölgəsi həmişə diqqət mərkəzində olmalıdır. Hörmətli millət vəkili Qənirə Paşayeva ilə mən həmişə döyüş bölgələrindəyik. İnanın Allaha ki, biz orada olarkən bilirdik ki, hər an erməni gülləsinə tuş gələ bilərik. Bu, bizi qətiyyən narahat etmirdi. Əsgərlərin əhval-ruhiyyəyə çox ehtiyacı var. Biz oxuduqca snayperlə atırdılar. O güllənin biri də bizə dəyə bilərdi. Biz o güllə səsinə baxmayaraq, sona kimi çıxışlarımızı etmişik. Əgər biz güllə səsindən qorxub, oradan yarımçıq çıxsaq əsgər nə düşünər? Vətən hamı üçündür. Biz də onlarla bir yerdə bu torpağı qorumalıyıq. Vətəni şərəflə qorumaq da hər gəncə nəsib olmur. Məsələn, elə gənclər var ki, onların səhhətində problem olur, cəbhəyə, yaxud orduya yararlı olmur. Siz bilirsiniz onlar necə Qarabağ həsrəti ilə yaşayırlar!? Deyir ki, ay Allah kaş mən də orada olaydım, vətənin dar günündə bir işə yarayaydım. Şəhidlik böyük zirvədir. Görün necə oğullar şəhid olur? Allah yerdə qalanlara can sağlığı versin, getdiyi kimi geri qayıtsın. Şəhidlər gənclərə nümunədir.


- Bəs siz niyə bu ərəfədə döyüş bölgəsinə getmədiniz?

- Mən düşünürəm ki, cəbhənin bu ağır günündə, döyüşlərin getdiyi ərəfədə əsgərləri narahat etmək olmaz. Biz əsgərlərin qəhrəmanlıqlarına kənardan baxıb qürur duymalıyıq. Hər kəs öz işində olmalıdır, böyük əsərlər yaratmalıyıq. Yaradırıq da, çünki onların bu əzmkarlığı bizə ruh verir. Şəxsən mən bu dəfə döyüşlər gedən ərəfədə bir dəfə sakit dayanmadım. Baxmayaraq ki, vətənpərvərlik ruhunda mahnılarım var, yenə də yazdım. Mən həmişə inanmışam ki, prezident İlham Əliyev bütün torpaqlarımız geri qaytarılacaq deyirsə, demək ki, qaytarılacaq. Hələ bu günə kimi elə bir hal olmayıb ki, nəsə deyilsin, amma həyata keçməsin. Sadəcə geci-tezi var. Tezliklə "Qələbə” marşını bütün Qarabağda səsləndirək.

- Dördgünlük müharibə vaxtı özünüzü nəyə kökləmişdiniz? Cəbhə bölgəsində baş verənlərə, yoxsa yaradıcılığa?

- Mən Napaleon kimi elə bir insanam ki, hər şeyə vaxt ayırıram. Yaradıcılığa məşğul olsam da, cəbhə bölgəsindən gələn xəbərləri izləməyə zamanım olurdu. Amma əsas işim döyüş bölgəsindən gələn məlumatları oxumaq və dinləmək idi. Ailə olaraq başqa qayğılarım var. Anayam, həm də eyni zamanda övladam. Təbii ki, bunlara da vaxt ayırmalıyam.

- Müharibə olsa silah götürüb cəbhəyə gedərsiniz?

- Bizim elə qeyrətli kişilərimiz var ki, onlar heç vaxt qadınları cəbhəyə yollamazlar. İkinci dünya müharibəsində babam da iştirak edib. Babamın iki qardaşı, o cümlədən də çoxlu qohumlarımız müharibədən geri qayıtmayıb. Azərbaycan xanımları ancaq arxa cəbhədə olmalıdır, ərlərinin, oğlanlarının yolunu gözləməlidir. Gərək qadınlar elə etsin ki, cəbhədə olanlarımız arxada qoyduqlarından narahat olmasınlar. Lazım gələrsə, biz döyüşə hər zaman hazırıq. Biz bu vətənin övladlarıyıqsa silaha da sarılmağı bacarmalıyıq. Biz şəhid olanlardan artıq deyilik ki…