Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası I Fransiskin qondarma "erməni soyqırımı” barədə dediklərini cəfəngiyat adlandırıb.
Sabahinfo.az-ın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, Ərdoğan bunu Türkiyə İxracatçılar Məclisinin iclasında çıxışı zamanı deyib.
"Hər dəfə siyasətçilər və dini xadimlər tarixçilərin vəzifəsini üzərilərinə götürərkən həqiqət əvəzinə cəfəngiyat olur. Mən papanın dediklərini pisləyirəm və onu bir daha bu səhvi təkrarlamamağa çağırıram”, deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti yenidən erməni tərəfinə səslənərək 1915-ci il hadisələri üzrə arxiv sənədlərinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa çağırıb. Ərdoğan Ankaranın arxivlərini tarixçilər üçün açdığını və analoji addımın Ermənistan tərəfindən atılmasını gözlədiyini qeyd edib.
Ərdoğan tarixi hadisələrin ölkə və xalqa qarşı kampaniya üçün istifadə edilməsinə yol verməyəcəyini bəyan edib.