“Ermənilərin əsir götürdüyü azərbaycanlıların siyahısı BMT-yə göndərilməlidir”

"Bu gün Azərbaycan mətbuatında uşaqların məcburi əməyə cəlb olunması və insan alveri qurbanları ilə bağlı təbliğat işi olduqca zəif aparılır".

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun 2015-ci il üzrə illik hesabatının müzakirəsi zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, mətbuatda bu sahədə olan problemlərdən bəhs edən yazılar azdır:"Həmçinin, televiziyalarda bu tip sosial çarxların sayının artırılmasına ehtiyac var. Televiziyalarda xörək bişirmə verilişlərindən daha çox bu cür məlumatların yayımlanmasına üstünlük verilməlidir".

YAP-ın icra katibinin müavini xatırladıb ki, vaxtilə mətbuatda Ermənistanın əsir götürdüyü azərbaycanlıların daxili orqanlarının xarici ölkələrə satılması ilə bağlı məlumatlar dərc olunmuşdu:"Təklif edərdim ki, həmin şəxslərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər beynəlxalq təşkilatlara göndərilsin, bununla da onların tapılması işi daha da gücləndirilsin. Düzdür, Azərbaycanda bu işlə məşğul olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Ancaq yenə də hesab edirəm ki, itkin düşənlərin əksəriyyəti insan alverinin qurbanlarına çevriliblər. Bu baxımdan, beynəlxalq məhkəmədə hər hansı bir cinayət işinin açılması ilə əlaqədar addımlarımızı artırmalıyıq ki, gələcəkdə bu kimi halllar bir də təkrarlanmasın".

Report.az