"ABŞ dövlət katibi Con Kerrinin antiazərbaycan mövqeyi hələ 90-cı illərin əvvəllərindən məlumdur. O zaman Qorbaçova məktub ünvanlayaraq erməniləri müdafiə edib Azərbaycana qoşun yeritməsinə çağıran məktubun müəlliflərindən biri məhz Con Kerridir".
Bunu Trend-ə millət vəkili Fəzail Ağamalı son araşdırmalar nəticəsində məlum olan məsələyə - antiazərbaycan kampaniyasının C.Kerrinin konqresdəki ofisindən idarə olunmasına münasibət bildirərkən deyib.
F.Ağamalı qeyd edib ki, C.Kerri erməni diasporunun pulu ilə yaşayan, ayaqda dayanan bir insandır: "Bütün mənalarda Con Kerri hər zaman antiazərbaycan mövqeyi sərgiləyib və bu gün də Azərbaycana qarşı aparılan kampaniyaların hamısı həm də Con Kerrinin birbaşa fəaliyyətinin nəticəsidir".
Millət vəkili hesab edir ki, ABŞ kimi nəhəng bir dövlət C.Kerrinin əlində qalıbsa və özünün siyasətini C.Kerri vasitəsilə reallaşdırırsa, bu, artıq ABŞ-ın imicinə böyük zərbədir, beynəlxalq aləmdə ABŞ-a etimadı zəiflədən bir hadisədir: "Çox təəssüf olsun ki, bu gün ABŞ-ın xarici siyasətində məhz Con Kerrinin rəhbərliyi altında bir erməni barmağı dayanır. Nə qədər ki, ABŞ-ın xarici siyasətində Con Kerri aparıcı mövqedə dayanır, ABŞ-ın bu və ya digər səviyyədə antiazərbaycan siyasəti davam edəcək. Ona görə də biz faktlara, arqumentlərə söykənərək Con Kerrinin ifşa olunmasında iradəmizi ortaya qoymalıyıq".
Onun sözlərinə görə, hazırda bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda bu cür fəaliyyətin məqsədi Azərbaycanın uğurlarına kölgə salmaq, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına maneçilik törətmək və ölkəmizin yüksəlməkdə olan nüfuzuna xələr gətirməkdir: "Bunların heç biri alınmayacaq. Artıq Azərbaycan ilk Avropa Oyunlarının məşəlini yandırıb, bütün Avropa dövlətləri də bu Oyunları yüksək qiymətləndirir. Heç bir şübhə yoxdur ki, bu Oyunlar Azərbaycanda yüksək səviyyədə keçiriləcək".