Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.
Dövlətimizin başçısı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin Azərbaycanın yaxın dostu olduğunu, BMT-Azərbaycan tərəfdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynadığını dedi.
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Nassir Abdulaziz Al-Nasserin Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser tolerantlığın və dialoqun inkişafı baxımından ölkəmizin önəmini qeyd etdi, xüsusilə Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun təbliğindəki liderliyini yüksək qiymətləndirdi.
Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Nassir Abdulaziz Al-Nasser bu ordenə layiq görülməsindən qürur hissi keçirdiyini bildirdi. O, Prezident İlham Əliyevin BMT-Azərbaycan əməkdaşlığının genişləndirilməsi işində rəhbərliyini yüksək qiymətləndirdiyini vurğuladı.
Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətindən danışıldı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından tədbirin rolu xüsusi qeyd olundu, əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.