Leyla və Arif Yunus ölkəni tərk etdi - Yenilənib

"Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib”.

Bu barədə vəkil Elçin sadıqov məlumat yayıb. Onun sözlərinə görə, sözügedən şəxslər müalicə üçün Azərbaycanı tərk edib:"Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar”.

***
14:14

Vəkil bildirib ki, Leyla və Arif Yunusun ölkədən buraxılmasına icazə verilməsi ilə bağlı Ali Məhkəmə qərar çıxarıb:"Dünən Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə Yunusların kassasiya şikayətinə baxılıb və şikayət təmin edilib. Nəticədə Leyla Yunus və Arif Yunusun ölkədən çıxışına icazə verilib.

Qeyd edək ki, Leyla və Arif Yunus səhhətlərində yaranan problemlərlə bağlı ölkədən kənarda müalicə almaq istəyiblər. Bununla bağlı Yasamal rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların istəyini təmin etməyib. Leyla və Arif Yunus bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayət bu instansiyada da təmin edilməyib. Onlar qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Onu da bildirək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.