Məcburi köçkünü güllələyən daha bir nəfər tutulub

Bakıda məcburi köçkünün güllələyən daha bir nəfər saxlanılıb.


Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, aprelin 15-də saat 22:50 radələrində, Şüvəlan qəsəbəsi Gənc Kosmonavt düşərgəsində məskunlaşan Laçın rayon sakini Bəxtiyar Hüseynovu yaşadığı evin qarşısında odlu silahdan atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev və Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırov tutulub.

Elnur Xıdırov hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş nömrəsi və istehsal ili silinmiş 16 çaplı tək lülə ov tüfəngini könüllü təhvil verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin ötən gün yaydığı məlumatda bildirilir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Bəxtiyar Hüseynova ov tüfəngindən atəş açan Bakı şəhər sakini Abbas Dünyamalıyev tutulub.