"Qanunvericiliyin tələbinə görə Mərkəzi Seçki Komissiyası ötən illə bağlı maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinə müraciət etməlidir. Ötən il demək olar ki, heç bir partiya maliyyə hesabatını qanunvericilikdə nəzərlə tutulan müddətdə - aprelin 1-ə qədər MSK-ya təqdim etməyib”.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov deyib.
N. Məmmədov bildirib ki, bu il aprelin 1-ə qədər 55 siyasi partiyadan 50-si aprelin 1-ə qədər, 1 partiya isə bir az gecikmə ilə maliyyə hesabatını MSK-ya təqdim edib.
"MSK-nın əsas hədəfi siyasi partiyaları hesabatlılığa cəlb etməkdir, hansısa partiyanın cəzalandırılması deyil. Ancaq qanunvericilik imkan verir və MSK-nın da əlində kifayət qədər imkan var ki, siyasi partiyaların bu istiqamətdə fəaliyyəti ilə bağlı qanunvericiliyin imkanlarından geniş istifadə etsin”.