Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti aprelin 19-dan 25-dək Yaponiyada rəsmi səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Abel Məhərrəmov, deputatlardan Çingiz Əsədullayev, Aslan Cəfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfərin ilk günü O.Əsədovun Yaponiya İmperatoru Akihito, Baş nazir Şinzo Abe, xarici işlər naziri Fumio Kişida ilə görüşləri nəzərdə tutulub.
Tokioda deputatlarımız ölkə parlamentinin Müşavirlər və Nümayəndələr palatalarında olacaq, Azərbaycanla parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşəcək, Yaponiya qanunvericilik orqanının fəaliyyəti ilə yaxından maraqlanacaqlar.
Milli Məclis sədrinin Yaponiya parlamentinin hər iki palatasının rəhbərliyi ilə keçiriləcək görüşlərində ikitərəfli əlaqələrin inkişafı, qanunverici orqanlar arasında informasiya və təcrübə mübadiləsi, deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.
Nümayəndə heyətimizin üzvləri ölkənin Kioto və Xirosima şəhərlərinə səfər çərçivəsində gündoğar ölkənin qədim mədəniyyəti və tarixi abidələri ilə yaxından tanış olacaqlar.