"Sarkisyanı Beynəlxalq tribunala vermək lazımdır. Azərbaycanın hüquq mühafizə orqanları ona qarşı kifayət qədər dəlil toplayıb. Xocalı faciəsi və son baş verənlər buna kifayət edir. Onun mülki əhaliyə qarşı etdikləri beynəlxalq səviyyəli bir cinayətdir”
Bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitənin sədri Əli Həsənov Ans-ə müsahibəsində deyib.
Azərbaycan prezidentinin öz xalqına söykənərək Qarabağ münaqişəsinin həllində tək başına mübarizə apardığını, ordu ilə prezident arasında heç bir boşluğun olmadığını bildirən komitə sədri bütün bunların nəticəsində ermənilərin layiqli cavablarını aldığını və bir neçə yüksəkliyin azad edildiyini qeyd etdi.
Aprel ayının 2-dən bu yana 16 mülki sakinin həlak olduğunu, 50-ə yaxın şəxsin yaralandığını, 228 mənzilin zərrər gördüyünü, onlardan 43-nün tamamilə dağıdıldığını, təəssüflə qeyd edən Əli Həsənov Nazirlər Kabinetinin qərarına əsasən mülki əhaliyə dəymiş ziyanın bərpası Bərpa agentliyi tərəfindən, məcburi köçkünlərə dəymiş ziyanın isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitə tərəfindən həyata keçiriləcəyini və artıq gələn həftədən bunun üçün vəsait ayrılacağını qeyd etdi.
Ermənistan tərəfinin Azərbaycanın işğalı altında olan torpaqlarında narkotik yetişdirdiyini bununla xüsusi olaraq Ermənistan prezidenti Serj Sarkisyanın kürəkəninin məşğul olduğunu söyləyən dövlət rəsmisi Azərbaycan tərəfinin əlində bununla bağlı real faktların olduğunu sputnik çəkliş imkanları sayəsində ərazidən çəklişlərin bunu bir daha sübut etdiyini vurğuladı.
"İşğal edilən ərazilərdən Azərbaycana narkotik keçirməyə çalışan kifayət qədər xarici ölkə vətəndaşları tutulub saxlanılıb ki, onların ifadələri və konkret faktlar sənədləşdirilib hüquq mühafizə orqanlarında saxlanılır. Biz həmin faktları 2 il bundan əvvəl BMT-nin Vyana ofisinə təqdim edib xahiş etdik ki, həmin ərazilərdə monitorinq keçirilməsi üçün qrup yaradılasın. Tələbimizin qəbul edilməsinə baxmayaraq Ermənistan tərəfi onları əraziyə buraxmadı” - deyə Əli Həsənov fikirlərini bölüşüb.