QHT Şurasının maliyyəsi təhlükə altında - MSŞT qalmaqalı böyüyür

Koalisiya parçalanacaq?


Xəbər verildiyi kimi, aprelin 29-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyasının 18-ci Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Əsasnaməyə uyğun olaraq Koalisiyanın 11 nəfərdən ibarət yeni Şurası və 5 nəfərdən ibarət yeni Monitorinq Qrupu seçilib. Elə bu seçkilərin ardınca mətbuatda Koalisiya ilə bağlı diqqətçəkən məlumatlar yayılmağa başladı. İddialara görə, Koalisiyanın idarəedici orqanı olan Şuranın yeni tərkibi konkret olaraq Milli Şura adlanan qurumun maraqları əsasında formalaşıb və seçim prosesi məhz həmin siyasi tərəfin əvvəlcədən hazırladığı heyət tərəfindən idarə olunub. Yayılmış məlumatlarda həmçinin qeyd olunur ki, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev seçki prosesində xüsusi fəallığı ilə seçilib.


AzNews.az-ın əməkdaşı MSŞT Koalisiyasının təmsilçilərindən biri ilə əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən QHT rəhbəri hazırda Koalisiyada gərgin situasiya yarandığını bildirib və əlavə edib ki, proseslər öz ruhunu dəyişməsə, Koalisiyanın taleyi sual altına düşə bilər: "Məsələ burasındadır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin ən böyük birliyi olan MSŞT Koalisiyasının Şurası siyasi maraqları olan şəxslərin nəzarətinə keçib. Bu sırada Milli Şura təmsilçilərinin canfəşanlığı daha çox özünü göstərir.Biz əvvəlcədən də hiss etmişdik ki, müəyyən adamlar Koalisiyanı siyasi iddialar meydanına çevirmək istəyirlər. Son Ümumi Yığıncağın nəticələri göstərdi ki, şübhələrimiz əsassız olmayıb.Şuraya seçilən Oqtay Gülalıyevin Ümumi Yığıncaqdan dərhal sonra Milli Şuranın Koordinasiya Mərkəzi adlı Facebook Qrupunda yazdığı məktub isə hər şeyi açıq şəkildə ortaya qoydu. Təsəvvür edin ki, Oqtay Gülalıyev həmin məktubda Milli Şura təmsilçilərinə seçkinin qazanıldığını, üzərlərinə düşən vəzifəni yerinə yetirdiklərini yazıb və verdikləri dəstəyə görə onlara təşəkkürünü bildirib. Söhbət hansı dəstəkdən gedir?Siyasi partiyalar vətəndaş cəmiyyəti Koalisiyasının Şurasına öz adamlarını salmaqdahansı maraqları güdə bilərlər? Bu sualların cavabı hammıza aydındır. Oqtay Gülalıyev məktubunun sonunda MSŞT Koalisiyası Şurasında görəcəyi işlərdən də danışıb. Qeyd edib ki, onlar Əli Kərimlinin sədrlik etdiyi AXCP təmsilçiləri Fuad Qəhrəmanlı və Asif Yusiflinin həbsdən azad olunması istiqamətində iş aparacaqlar. Təkcə bu məktub bizə hər şeyi aydın edir”.

Mənbə Koalisiya Şurasına və Monitorinq Qrupuna seçkilərin taleyini həll etmiş qruplaşmadan da danışıb. Budəfəki Ümumi Yığıncaqda Qubad İbadoğlu ilə Əli Kərimlinin adamlarının birləşdiyini deyən mənbə məhz onların çalışmaları nəticəsində Koalisiya Şurasının tam siyasiləşdiyini bildirib:"Əvvəllər soyuq münasibətlərdə olmuş, qarşılıqlı ittihamlarla çıxış etmiş şəxslər bu dəfə bir araya gəlib Koalisiyanı əzəli xəttindən çıxararaq siyasi iddialar meydanına çevirdilər.Qubad İbadoğlu- İlham Hüseynli-Oqtay Gülalıyev üçlüyü əvvəlcədən əlbir olaraq Koalisiya üzvlərinə təsir göstəriblər, onlarla qrup şəklində dəfələrlə görüşüb müxtəlif vədlər veriblər.Oqtay Gülalıyevin məktubuna və oradakı bəzi ifadələrə əsaslansaq, güman edə bilərik ki, adıçəkilən şəxslər seçkidən əvvəl Milli Şura rəhbərliyi və şəxsən Əli Kərimli ilə də görüşüb, müəyyən məsləhətlər alıblar. Məntiq də bunu deyir ki, komanda şəklində seçkiyə gedən və nəticələrə görə Milli Şura təmsilçilərinə təşəkkür edənlər zatən başqa cür davrana bilməzdilər. Əgər siyasi partiya və ya hərəkat hansısa qrupa öz dəstəyini verirsə, deməli bunun qarşılığı da olmalıdır ki, Oqtay Gülalıyev də öz məktubunda bu qarşılığın (öhdəliyin) nədən ibarət olduğunu açıq şəkildə yazıb”.

Hazırda Koalisiyanın institusional dəstəyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından olduğunu deyən mənbə bundan sonra Koalisiyanın vəsaitlərinin də təhlükə altına düşdüyünü vurğulayıb: "Bilirsiniz ki,konkret olaraq AXCP-yə yaxın QHT-lərin təcrübəsində ictimai fəaliyyət dairəsi üçün nəzərdə tutulan layihə vəsaitlərinin siyasi tədbirlərin təşkilinə yönəldilməsi kimi hallar olub. Xarici donor təşkilatlarından alınan maliyyənin müəyyən hissəsi partiyaya ötürülüb və bunu Azərbaycanda bilməyən yoxdur. İndi həmin AXCP-nin adamları bilavasitə QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyəyə çıxış imkanı əldə ediblər. Bu isə həmin maliyyədən Oqtay Gülalıyevin təşəkkür etdiyi adamlara – Milli Şura təmsilçilərinə də "pay” ötürüləcəyinə dair ciddi şübhələr yaradır.Üstəlik nəzərə aldıqda ki,Dünya Bankı da MSŞT prosesinə böyük məbləğdə vəsait ayırmağa hazırlaşır, o zaman Milli Şura təmsilçilərinin Koalisiya Şurasını ələ keçirməsinin daha bir səbəbi də qabarıq şəkildə özünü göstərir. Aydındır ki, bu oyunlarda Qubad İbadoğlunun da öz maraqları var.Lakin onun düşdüyü situasiya heç də arzuolunan deyil. Çünki budəfəki Şurada bilavasitə onun özünə yaxınlığı ilə seçilən və məhz onun kadrı hesab olunan şəxslər demək olar ki, yoxdur. Yalnız Müsavat Partiyasının sabiq üzvü, Partiya Nizamnaməsinin 1.9-cu bəndinin və Proqramının təməl prinsiplərini müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərinə əməl etmədiyinə görə partiya sıralarından xaric edilmiş, hazırda isə ADR Hərəkatında təmsil olunan Əlövsət Sadıqlını Şuraya keçirməyə müvəffəq olanQubad İbadoğlu faktiki olaraq İlham Hüseynli-Oqtay Gülalıyev cütlüyünün təsiri altındadır. Odur ki, maliyyənin bölüşdürülməsi zamanı daha çox Milli Şura təmsilçilərinin istək və arzusu əsas götürüləcək. Ümumiyyətlə isə, Koalisiya üzvləri arasında çox ciddi narahatlıq var. İstəməzdik ki, Koalisiyada parçalanma yaransın. Lakin görünən odur ki, proseslər məhz bu istiqamətdə inkişaf edir...”

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Oqtay Gülalıyevin də mövqeyini öyrənib. Gülalıyev haqqında irəli sürülən iddiaları əsassız adlandırıb: "Əvvəla qeyd edim ki, Koalisiyanın yığıncağı çox məhsuldar və dinamik olub. Keçirilən seçkilər açıq, demokratik və rəqabət mühitində baş tutub. Şəffaf və ədalətli olub. Bütün seçki prosesi videokameralarla lentə alınıb.

Bundan başqa, bəli, mən Milli Şuranın üzvüyəm. Milli Şuranın Koalisiyada 5 üzvü var. Onlardan 1-i - Fuad Qəhrəmanlı həbsdədir. Qalan 4 nəfərdən hamımız namizəd olmuşuq, yalnız mən Şuraya seçilmişəm. Əgər Milli Şura doğrudan da bu koalisiyanı ələ almaq istəyirdisə, ora elə öz namizədlərini keçirərdi. Buradan çıxış edərək deyə bilərəm ki, Milli Şuranın koalisiyanı ələ alması, burada rəhbərliyi ələ keçirməsi iddiası gülüncdür.

Bundan əlavə, koalisiya şurasına 11 nəfər heyət və 5 nəfər də monitorinq qrupu seçilib. 16 nəfər içərisində yalnız 3-ünün siyasi mənsubiyyəti var. Doğrudanmı o 3 nəfər digər 13 nəfəri idarə edir?

Bu, yeni formalaşmış heyətin fəaliyyyətini kölgələmək məqsədilə yayılan informasiyalardır.Biz istəyirik ki, bu koalisiya heç kimdən, heç bir qurumdan asılı olmasın. Burada bütün tərəflərdən, hakimiyyətdən də, siyasi partiyalardan da, şirkətlərdən də üzvlər təmsil olunsun.Bura seçilən insanlar da müstəqil insanlardır.

AXCP-nin təsiri məsələsinə gəlincə, bu partiyanın orada 4 üzvü var. 150 nəfərlik koalisiyada 4-cə nəfər təmsil olunur. Onlardan 2-si də həbsdədir. Onlar həbsdən bura necə təsir edirlər?Müxalifətin koalisiyada hansısa idarəçiliyi ələ keçirməsi üçün resursu yoxdur. Maliyyə dayaqları yoxdur. Koalisiyada nəzarəti ələ keçirməyə cəhd edənlər var idi. Onların bu təşəbbüsü baş tutmadı.Məhz bu səbəbdən belə informasiyalar yayırlar”.

Oqtay Gülalıyev Koalisiyanın maliyyə vəsaitlərindən siyasi tədbirlərin təşkil olunması məqsədilə istifadəsinə dair iddialara da münasibət bildirib:"Reallıqdan danışsaq, ortada heç bir layihə yoxdur, qrant yoxdur ki, oradan gələn maliyyə də bölüşdürülsün. Konkret olaraq mənim heç bir layihəm olmayıb ki, oradan gələn maliyyəni də hansısa işlərə sərf edim. Qrantı bu iddiaları irəli sürən adamlar alırlar. Bizim heç axı qrantımız yoxdur ki, bölüşdürək də. Dünya Bankının da belə bir qərarı yoxdur. Olar, ondan sonra baxarıq”.

Məsələ ilə bağlı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mövqeyini ayrıca təqdim edəcəyik.