Siyasilərdən kimlər Qarabağda döyüşmək istəyir? - Sorğu

Son 1 ayda Qarabağ və onun ətrafında gedən döyüşlərin 2 dəfə müharibə xarakteri alması uşaqdan böyüyə hər bir Azərbaycan vətəndaşında müharibə əhval-ruhiyyəsi yaradıb.

Məhz bu səbəbdən də paytaxtdan, eləcə də bütün rayonlardan döyüş gedən ərazilərə insan axını başlayıb. Hər kəs əlinə silah alıb döyüşmək istəyir.

Bəs, Azərbaycan siyasətçiləri cəbhədə döyüşmək istəyərmi?

AzNews.azbununla bağlı tanınmış siyasətçilər arasında sorğu keçirib.

Sabahinfo.az sorğunu təqdim edir:

Müsavat Partiyasının başqan müavini, Divan üzvü Tofiq Yaqublu:



"Mən döyüşməyə tam hazıram. Hazırda döyüş gedən yerlərin adları çəkilir. Mən həmin yerlərdə döyüşmüşəm. Həmin yerlərlə bağlı acılı-şirinli xatirələrim var. Çox həvəslə gedib döyüşərdim”.

Xalq Cəbhəsi Partiyasının sədri müavini Nurəddin Məmmədli:



"Mən bütün ömrümü döyüşlərdə keçirən insanam. 70 yaşım olsa da, vətən uğrunda döyüşmə əzmimə nəsə mane ola bilməz”.

Azərbaycan Demokratiya və Rihah Hərəkatının sədr müavini Vurğun Əyyub:



"İndi səmimi, ya qeyri-səmimi şəkildə çoxları cəbhə bölgəsinə gedib döyüşmək arzusunu bildirir. Onların içərisində döyüş təcrübəsi olan, ürəyi vətən, torpaq eşqi ilə döyünən insanlar yəqin ki, çoxluq təşkil edir. Amma yaxşı bilirik ki, hakimiyyət orqanlarının, Müdafiə Nazirliyinin əmri, razılığı olmadan bu, mümkün deyil. Üstəlik döyüş hazırlığı olmayan insanların döyüş bölgəsində hansı qarışıqlıq yaradacağını da təsəvvür etmək çətin deyil. Müdafiə Nazirliyi əmr versə, orduda mənim hansısa bir işdə lazım olduğumu vacib bilsə, o zaman məmuniyyətlə gedərəm”.

Ümid Partiyasının sədri İqbal Ağazadə:



"Mən köhnə döyüşçü kimi həmişə hazıram. Təcrübəm və yaşım buna imkan verir”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu:



"Aprelin əvvəlində gərginlik yarananda Füzuliyə getmişdim. Şəhidlərimiz var idi, həm onların yas mərasimində iştirak etdik, həm də yerli sakinlərlə görüşüb vəziyyəti müzakirə etdik. Mən Füzulidə doğulmuşam. Doğulduğum kənd işğal altındadır. Nə vaxt Vətən məni çağırsa, döyüşlərə hazıram. Vətən yolunda əsgər olmaq hər kəsin arzusudur. Günü bu gün də səfərbərlik elan olunarsa, öndə getməyə hazıram”.

Politoloq Razi Nurullayev:



"Mən Sovet ordusunda xidmət etmişəm. Ordumuza bir neçə sahədə xidmət göstərə bilərəm. Birincisi, sıravi əsgər kimi döyüşə atıla və düşmənləri digər qorxmaz əsgərlərimizlə bərabər torpaqlarımızdan qova bilərəm. İkincisi, kifayət qədər informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərim var. Ordumuza, zabitlərimizə və Müdafiə Nazirliyinə bu sahədə xidmətlərimi təklif edirəm. Üçüncüsü, bir neçə xarici dili mükəmməl, dünya siyasətini yaxşı bilirəm. Hazırda, informasiya müharibəsi aparmaq da əsas şərtlərdən biridir. Bu sahədə əvəzsiz xidmətlərim ola bilər.

Bununla bərabər, deməliyəm ki, bütün partiya bu işə cəlb edilib. Şəxsən özüm isə, 36 minlik abunəsi olan Twitter üzərindən ingilis dilində təbliğat aparıram. Əlavə olaraq deyim ki, Azərbaycan müxtəlif hərbi texniki vasitələr alıb və onlar bu günlərdə döyüş meydanında istifadə olundu. Həmin texnikayla bağlı problemlər yaşanarsa, xarici dillərdə olan həll yollarını internetdə tapıb köməklik göstərə bilərəm. Ümumiyyətlə, düşünürəm ki, müxtəlif sahələrdə xidmət göstərə bilərəm və özümü lazımlı kadr sayıram. Azərbaycan yolunda canımız fəda olsun”.


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu:



"Mən birinci Qarabağ savaşı zamanı ön cəbhədə könüllü olaraq həkim kimi olmuşam və bu gün də istənilən keyfiyyətdə olmağa hazıram”.

"Ağ blok”un təsisçisi Tural Abbaslı:



"Məncə bu sualı vətənini, Azərbaycanını sevdiyini deyən kimlərəsə vermək artıqdır. Təbii ki, dövlətimizin təhlükəsizliyi, bütövlüyü mənim üçün həyatımdan daha önəmlidir. Bu gün vətəni üçün öldürməyə və ölməyə hazır olmayan birinin bu torpaqlar üzərində yaşamağa haqqı yoxdur. Vətən uğrunda şəhidlik mərtəbəsinə yüksəlmək bizim üçün ancaq və ancaq şərəf olar. Azərbaycanımız uğrunda fəda olmağa hazır olmayan can bizə gərək deyil”.

Azərbaycan Milli İstiqlal Partiyasının katibi Elşən Mustafayev:



"Erməni təxribatından sonra Azərbaycan ordusunun cavab atəşləri nəticəsində əldə etdiyi uğurlar hamıda ruh yüksəkliyi yaradıb. Son 22 ildə hələ bu şəkildə milli həmrəylik nümayiş elətdirilməmişdi. Yəni siyasi mənsubiyyətindən, millətindən asılı olmayaraq hamı bu uğurlara sevinir, şəhid olmuş əsgərlərimiz üçün isə üzülür. Bu, sevindirici haldır və belə də olmadır. Amma bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Müharibədə qələbəni şərtləndirən əsas səbəblərdən biri də nizam-intizamdır. Ortada bir nizamlı ordu, ordunu formalaşdıran səfərbərlik elan edəcək strukturlar varsa, cəbhə bölgəsinə axın etmək doğru olmamaqla bərabər həm də ordu birləşmələri üçün problemlər yaradar. Mən tərəfdarıyam ki, cəbhə bölgələrinə yaxın ərazilərə xüsusi icazə olmadan mülki şəxslərin buraxılmasına yol verilməsin. Belə hallar nizam-intizama xələl gətirər. Həmçinin ölkə içində düşmən kəşfiyyatına işləyən kimlərinsə ola biləcəyini də istisna etmək olmaz. Sözsüz ki insanların ruh yüsəkliyi ilə cəbhə bölgəsinə gedib döyüşmək istəyi qürurvericidir. Hamımız bu istəkdə olmalıyıq. Amma ehtiyac olacağı təqdirdə bunu təşkil edəcək rəsmi strukturlar var ki, o zamana hamımız hazır olmalıyıq”.

Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Ədalət Yusifov:



"Mən həmişə hazıram. Özü də tək yox , ən azı döyüş təcrübəsi olan və birinci Qarabağ savaşında sınanmış 400-500 nəfər vətən fədaisi ilə birlikdə”.