Supermarket rəhbərlərinin problemi Milli Məclisdə

"Supermarket rəhbərlərinin nazirə müraciətində əsas məqsəd əlavə dəyər vergisinin yığışdırılmasıdır”.


Sabahinfo.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, bəzi məhsulların ƏDV-si həqiqətən də yüksəkdir: "Bununla bağlı həmkarım Əli Məsimli ilə bir neçə ildir ki, məsələ qaldırmışıq ki, diferensiallaşdırılmış əlavə dəyər vergisindən istifadə olunsun. Yənielə məhsul var ki, orada 18% ƏDV çoxdur, onu bu üsulla 2-5%-ə endirmək lazımdır. Elə məhsul da var ki, artırmaq lazımdır, yəni diferensiallaşdırılmış əlavə dəyər vergisi məhsullara tətbiq edilməlidir.Hətta bu yaxınlarda biz Hesablama Palatasının hesabatını dinləyəndə bu məsələyə toxunuldu. Bununla bağlı Hesablama Palatası təkliflər paketi hazırlayıb Nazirlər Kabinetinə göndərib”.

V.Əhmədov bildirib ki, supermarket rəhbərlərinin iqtisadi inkişaf naziri Şahin Mustafayevə müraciətindən sonra topdansatış mərkəzlərini diqqətdə saxlamaq lazımdır:"Baxmaq lazımdır ki, hansı məhsulun alış-satış qiymətləri necədir. Məsələ müəyyən mənada həll oluna bilər. Burada bir məsələ var ki, əlavə dəyər vergisi birbaşa dövlət büdcəsinin mədaxili ilə əlaqədardır. Yəni, bu, əsasən dövlət büdcəsinin gəliri ilə formalaşan əsas amillərdən birirdir. Ona görə İqtisadiyyat və Maliyyə nazirliyinin nümayəndələri bir yerdə oturub baxmalıdır ki, hansı məhsullarda əlavə dəyər vergisini azaltmaq, hansında isə müəyyən faiz saxlamaq olar”.

Deputat məsələnin Milli Məclisdə də müzakirəyə çıxarılacağını bildirib.