TARİXİN GEDİŞİNİ DƏYİŞƏN ŞƏXSİYYƏT

Sovetlər dönəmində hakim ideologiya olan kommunist ideologiyası və fəlsəfəsi öyrədirdi ki, şəxsiyyət tarixi deyil, tarix şəxsiyyət yaradır. Lakin ümummilli lider Heydər Əliyev kimi şəxsiyyətin həyat və fəaliyyətinin, gördüyü işlərin öyrənilməsi göstərir ki, tarixdə ayrı-ayrı şəxsiyyətlər müəyyən xalqın taleyində həlledici rol oynaya bilər, ictimai hadisələrin axarını dəyişə bilər. Çağdaş Azərbaycan tarixinin keşməkeşli sərt döngələrində Heydər Əliyev fenomeninin xalqının taleyində oynadığı müsbət rol şəksiz və danılmazdır. Sovetlər birliyi süqut etdikdən sonra xalqımız, digər MDB ölkələrinin xalqları kimi, öz milli müqəddəratlarını sərbəst təyin etmək, milli dövlət quruculuğunu yaradıb inkişaf etdirmək imkanı əldə etdi. Azərbaycan xalqının müstəqillik əldə etməsində, daha doğrusu, 1918-ci ilin 28 mayında əldə etdiyi tarixi müstəqilliyini bərpa etməsində 1990-cı illərin əvvəllərində təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmalarına baxmayaraq keçmiş SSRİ-nin yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı çağdaş milli azadlıq hərəkatlarının da rolu az olmamışdır. Ümummilli lider Heydər Əliyev demişdir: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra naşı adamların yüksək vəzifələrə təyin olunmaları, 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbər etdiyi dövrdə ictimai-siyasi həyatımızın bütün sahələrində əldə edilmiş nailiyyətlərin qorunub saxlanması əvəzinə dağıdılması, düzgün olmayan qərarların qəbul edilməsi, dövlətin idarə olunmasında səriştəsizliyə yol verilməsi, qanunsuz silahlı dəstə və birləşmələrin özbaşınalıqları ölkəni idarəolunmaz bir vəziyyətə, başlıcası isə ölkəni vətəndaş müharibəsi həddinə çatdırdı. Müqəddəs torpaqlarımızın bütövlüyünü qorumaq üçün mübarizə Bakıda hakimiyyət uğrunda mübarizə ilə əvəz edildi. Qoşun hissələri döyüş bölgələrindən çıxarılıb Bakıya istiqamət aldı. Nəticədə torpaqlarımız düşmən tapdağı altında qaldı, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşərək məcburi köçkün və qaçqına çevrildi. 1993-cü ilin iyun ayında isə ölkə vətəndaş müharibəsi həddinə çatdı, respublikanın parçalanmaq, müstəqilliyini birdəfəlik itirmək təhlükəsi yarandı. Daxili didişmələr, anarxiya, ümummilli mənafeyin şəxsi ambisiyalara tabe edilməsi dövlət quruculuğuna böyük zərbə vurdu. Ölkədəki bu vəziyyəti kənardan yaxşı izləyən və bundan bacarıqla istifadə edən düşmənlərimiz və onların havadarları, bəzi xarici dövlətlər ayrı-ayrı hərbi və təxribatçı dəstələrin köməyi ilə böhranı daha da dərinləşdirir, müstəqilliyimizi ciddi təhlükə altında qoyurdular. İctimai fəlakətlə üz-üzə dayanmış xalqımız, respublika ictimaiyyəti yaxşı dərk edirdi ki, Vətəni bu təhlükədən yalnız Heydər Əliyev dühası, onun dövlətin idarə olunmasındakı zəngin təcrübəsi, dərin ağlı və zəkası, möhkəm iradəsi, mübarizliyi, millətin mənafeyinə sədaqəti, xalq işinə dərin məhəbbəti, torpağa bağlılığı qurtara bilər. Belə bir ağır vəziyyətdə xalq son ümid yeri kimi öz böyük oğluna – Heydər Əliyevə müraciət etdi. Xalqın çağırışlarını, o zamankı iqtidarın dəfələrlə etdiyi xahişlərini nəzərə alaraq ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə daxilində sabitliyin əsası qoyuldu, on dörd ildən artıq davam edən atəşkəsə nail olundu, "Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəmərinin faktiki tikintisinə başlandı və hazırda bu neft kəməri artıq istifadəyə verilmişdir. Məhz xalqın böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, iddialı siyasətbazların naşı eksperimentlərinə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıqlarına son qoyuldu. Böyük şəxsiyyətin siyasi müdrikliyi, uzaqgörən siyasəti sayəsində artıq əldən getməkdə olan müstəqilliyimiz, milli azadlığımız qorunub saxlanıldı və daha da möhkəmləndirildi. Xalqın birliyinə, dəstəyinə arxalanan ümummilli lider Heydər Əliyev Konstitusiya səlahiyyətlərindən istifadə etməklə, nəinki dövlət çevrilişinə cəhd cinayətlərinin qarşısını aldı, həm də silahlı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə birdəfəlik son qoydu.53 Yalnız bunlardan sonra Heydər Əliyevin sədrliyi ilə yaradılmış komissiyanın hazırladığı Konstitusiya layihəsinin 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi isə müstəqillik yoluna qədəm qoymuş respublikamızın tarixində ən parlaq səhifələrindən biridir. Müstəqil dövlətimizin ilk Konstitusiyasını-dövlətin ən yüksək hüquqi qüvvəyə malik qanununun preambulasında göstərilir ki, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçmişdir. Azərbaycan Respublikası Konstitusiyanın təhlili göstərir ki, konstitusiya hüquqi demokratik dövlət quruculuğu prinsipinin mahiyyətindən irəli gəlməklə, cəmiyyətdə qanunun aliliyinə xidmət edir. Konstitusiyanın maddələrinin üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir. Hüquqi dövlət quruculuğu şəraitində dövlət və vətəndaş paritet əsaslarla çıxış edir, vətəndaş dövlət qarşısında, dövlət də vətəndaş qarşısında məsuliyyət daşıyır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, hüquqi dövlətdə xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yoluna qədəm qoymuş respublikamızda ölkə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial həyatının bütün sahələrində köklü islahatlar aparılmış və hazırda bu islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə respublika rəhbəri olarkən, tutduğu vəzifəsindən asılı olmayaraq, mərkəzi komitə katibi və raykom katibi də daxil olmaqla, heç bir vəzifəli şəxsin qanunsuz hərəkətini bağışlamırdı. Təbiətən hüquq pozuntularına və qanunsuzluğa, xüsusilə vəzifədən sui-istifadə hallarına qarşı barışmaz mövqe tutan respublika rəhbəri bütün fəaliyyəti dövründə belə hallara qarşı prinsipial mövqeyini heç vaxt dəyişməmiş və bunu tabeliyində olan bütün vəzifəli şəxslərdən tələb etmişdir. Sovetlər dönəmində mövcud qaydaya görə rayon hüquq mühafizə orqanlarının rəhbəri təyin ediləcək namizədi respublika partiya təşkilatının rəhbəri şəxsən qəbul edir, sonra isə bu məsələ respublika partiya təşkilatı Mərkəzi Komitəsinin katibliyində müzakirə edilirdi. 1980-cı ilin noyabr ayının üçüncü ongünlüyü olardı. O zamankı Qutqaşen, indiki Qəbələ rayon prokuroru vəzifəsinə təyin edilməzdən əvvəl bir neçə həmkarımla birlikdə ümummilli lider Heydər Əliyevin qəbulunda olduq. Bu böyük şəxsiyyət bizi olduqca səmimi qarşıladı və təxminən iyirmi dəqiqəlik nəsihətamiz çıxışı ilə bizə dəyərli tövsiyələrini verdi. Həmin çıxışda aşağıdakı cümlələr indiki kimi yadımdadı və onları oxuculara çatdırıram. Ümummilli lider Heydər Əliyev demişdi: "Siz rayon partiya komitələri birinci katiblərinin köməkçilərisiniz. Əl-ələ verib yerlərdə qaydaqanun yaradın. Lakin bu o demək deyildir ki, siz birinci katiblərin qanunsuz hərəkətlərinə göz yummalısınız, çalışın onları başa salın, əgər bu alınmasa o zaman bizə-Mərkəzi Komitəyə müraciət edin”. Bəli, ulu öndərin bu sözlərindən ürəklənərək təyinat aldıqdan sonra inamla xidmət yerlərinə qayıtdıq. Təvazökarlıqdan kənar olsa da bildirirəm ki, ulu öndərin bu tövsiyələrinə bütün xidmət dövrümdə əməl etdim. Bundan əvvəl də bir dəfə ümummilli lider Heydər Əliyevin qəbulunda olmaq mənə nəsib olmuşdu. Hələ 60-cı illərdə keçmiş Sovetlər Birliyi məkanında ölkəmiz müttəfiq respublikaların sırasında geridə qalanların cərgəsində idi. İqtisadiyyatın müxtəlif sahələrinə dair dövlət planları kəsirlə yerinə yetirilir, qanunçuluğun və dövlət intizamının pozulması faktları adi hal almış, ictimai həyatda laqeydlik və biganəlik baş alıb gedirdi, bir sözlə, ictimai-siyasi həyatın bütün sahələrində gerilik açıq-aşkar özünü göstərirdi. Bakı nefti istər Birinci, istərsə də İkinci Cahan müharibələrində dünyada diqqəti cəlb etsə də, ötən əsrdə 60-cı illərə qədər keçmiş Sovetlər Birliyi məkanında respublikamızı, xalqımızı demək olar ki, tanımırdılar. Lakin 14 iyul 1969-cu il-də Heydər Əliyev respublika partiya təşkilatının rəhbəri seçildikdən sonra vəziyyət əsaslı surətdə dəyişdi. Artıq yetmişinci illərin əvvəllərində ölkənin iqtisadiyyatının, o cümlədən sənaye və kənd təsərrüfatının sıçrayışlı inkişafı başladı. Ümumiyyətlə, Heydər Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti nəticəsində ölkənin sənayesində, kənd təsərrüfatında, bir sözlə, iqtisadiyyatın bütün sahələrində, elm-tədris sahəsində, incəsənət və mədəniyyət sahəsində, sosial sahədə, ümumiyyətlə ictimai-siyasi həyatımızın bütün sahələrində indiyə kimi görünməmiş nailiyyətlər əldə edildi. Heydər Əliyev keçmiş Sovetlər Birliyi dövründə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində işlədiyi müddətdə də respublikamızın inkişafı naminə öz qayğısını əsirgəməmiş, kommunist rejiminin qadağalarına, rəsmi Moskvanın təzyiqlərinə baxmayaraq, ölkəmizin daha da inkişafı naminə sovetlər dövründə nə mümkündürsə onu etmişdir. Bu gün Bakını bəzəyən ən möhtəşəm binalar və digər tikililər, məhz, Heydər Əliyevin respublika-ya rəhbərlik etdiyi dövrdə inşa edilmişdir. Respublika Sarayı (indiki Heydər Əliyev Sarayı), "Gülüstan” Sarayı, 54 Bakı Kondisionerlər zavodu, Bakı Metropoliteni stansiyalarının böyük əksəriyyəti, Beynəlxalq hava limanı və s. kimi, nəhəng tikililər həmin illərdə inşa edilmiş və istifadəyə verilmişdi. Lakin Heydər Əliyev 1982-ci ilin noyabr ayında Sov.İKP Siyasi Bürosunun üzvü seçilib SSRI Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilərək Moskvaya işə dəyişildikdən sonra respublikada əldə olunmuş nailiyyətlər nəinki qorunub saxlanmış və inkişaf etdirilmiş, əksinə, qazanılmış nailiyyətlər dağıdılmağa başlanmışdır. Ölkə rəhbərliyinin yüksək liqasına daxil olan ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, tükənməz enerjisi və iş qabiliyyəti, prinsipial mövqeyi nəzərə alınaraq, keçmiş Sovetlər Birliyinin 17 nazirliyinə, o cümlədən nəqliyyat nazirliklərinə, əsrin tikintisi hesab edilən Baykal-Amur magistralı tikintisinə rəhbərlik ona həvalə edilmişdi və o, bu vəzifələrin öhdəsindən layiqincə gəlirdi. Xatirimdə qalan bir faktı da oxucuların nəzərinə çatdırmaq istəyirəm. 1982-ci ilin fevral ayı idi. O zaman Moskvada olan ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin Memarlar İttifaqında yaradıcı ziyalılarla görüşü keçirilirdi. Görüşdə ümummilli lider Heydər Əliyevin dərin məzmunlu, təmiz, aksentsiz rus dilində etdiyi çıxışı o dövrdə yaradıcı ziyalılar tərəfindən yüksək qiymətləndirilmiş, onların dərin marağına və keçmiş Sovetlər İttifaqında böyük ictimai əks-sədaya səbəb olmuşdu. Dahi şəxsiyyət Heydər Əliyev bütün fəaliyyəti boyu demokratik prinsiplərə sadiq olmuşdur. O, 1998-ci ilin fevral ayında qanunvericilik təşəbbüsü qaydasında ölüm cəzasının cəzalar sistemindən çıxarılması üçün Azərbaycan Respublikası Milli Məclisinə müraciət etmiş və Milli Məclisin qərarı ilə cinayət qanunvericiliyinə dəyişiklik edilərək müstəsna cəza tədbiri-ölüm cəzası Şərqdə ilk dəfə olaraq cinayət cəzaları sistemindən çıxarılmışdır. Ulu öndər Heydər Əliyev həmişə mənəvi dəyərlərə xüsusi diqqət və qayğı göstərmiş və 13 avqust 2001- ci il tarixdə radio və televiziya ilə bəyanatında demişdir: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət ənənələri-mizlə fəxr edirik”. Azərbaycan Respublikasının axırıncı Sovet Konstitusiyası 21 aprel 1978-ci il tarixdə qəbul edilərkən, Moskvanın qadağalarına və təzyiqlərinə baxmayaraq, Konstitusiya layihəsini hazırlayan komissiyanın sədri, respublikanın o zamankı rəhbəri ümummilli lider Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan dilinin dövlət dili elan olunması barədə Konstitusiyaya 73-cü maddə daxil edildi. Bu həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi. Təəssüflər olsun ki, dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrın 22-də Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion qanun qəbul edildi. Yalnız bu ədalətsizlik ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanmış 12 noyabr 1995-il tarixdə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilərkən, Azərbaycan dövlətinin ilk Konstitusiyasında aradan qaldırıldı. Konstitusiyada dövlət dilinin Azərbaycan dili olması qanunvericilik yolu ilə təsbit olundu. 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası tərəfindən "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Qanun qəbul etdi. Lakin həmin vaxt Qanunun icra mexanizmi müəyyən edilmədiyindən, əslində, həmin Qanun faktiki olaraq, on ilə yaxın müddətdə icra-sız qaldı. Yalnız ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixdə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanından sonra 1 avqust 2001-ci il tarixdən respublikanın bütün nazirlik, idarə, təşkilat və müəssisələrində kargüzarlıq, faktiki olaraq, latın qrafikalı əlifba ilə aparılmağa başlandı. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mənəvi dəyərlərimizə qarşı həssaslığı, mənəvi dəyərlərimizin, o cümlədən xalqımızın muğam sənəti kimi zəngin xalq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi, son illərdə ölkədə Mehriban xanımın təşəbbüsü ilə yüzlərlə məktəb və digər uşaq-tərbiyə müəssisələrinin tikintisi və yenidən qurulması, xeyriyyəçilik tədbirlərinin həyata keçirilməsi də məhz, ulu öndər Heydər Əliyevin mənəvi dəyərlərimizə münasibətindən qaynaqlanır. Ümummilli lider Heydər Əliyev demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyi-nə ümidlər bəsləyirəm”. Hazırda müstəqil Azərbaycan dövləti qarşısında həllini gözləyən hansı vəzifələr durur? Ümummilli lider Heydər Əliyevin çıxışlarında, görüşlərində söylədiyi fikirlərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, hüquqi dövlət quruculuğu yolunda respublikamızın qarşısında duran vəzifələri təxmini olaraq: müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ərazi bütövlüyünün təmin edilməsi; ölkədə aparılan hüquqi islahatların uğurla başa çatdırılması; milli iqtisadiyyatımızın hərtərəfli inkişafına nail olunması, bu işdə xarici investorların geniş iştirakına şərait yaradılması; insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı 55 qorunmasını təmin etmək məqsədilə demokratiyanın daha da inkişaf etdirilməsinin, ölkəmizin bütün sahələrdə dünya birliyi ölkələrinə inteqrasiyasının gücləndirilməsinin təmin edilməsi; azad bazar iqtisadiyyatı şəraitində əhalinin iş yerləri ilə təmin olunması, iqtisadi islahatların uğurla başa çatdırılması nəticə-sində əhalinin maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsindən ibarətdir. Sonda ölkə başçısı cənab İlham Əliyevə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilmə-si, müstəqil xarici siyasətin həyata keçirilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi, ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yüksəldilməsi, ölkədə aparılan iqtisadi və hüquqi islahatların uğurla başa çatdırılması yolunda səmərəli fəaliyyət və müvəffəqiyyətlər arzu edirik.

Niyazi Bayramov

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı