"İki dünya müharibəsi nəticəsində müəyyən prinsiplər əsasında beynəlxalq təşkilatlar qurulub. Artıq 70 il keçib. Xüsusən BMT-də qərarların qəbulu çoxtərəfli mexanizm əsasında olmalıdır”.
Bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumda çıxış edən Türkiyənin sabiq prezidenti Abdulla Gül deyib.
A. Gül BMT Təhlükəsizlik Şurasına etimadın getdikcə azaldığını qeyd edib: "Problemlərin həll edilməməsi nəticəsində yaranan məyusluq bizim hamımıza təsir edir. Təhlükəsizlik Şurası daha demokratik, səmərəli olsa, bütün problemlər həll olunacaqmı? Yox, ancaq bu islahatlar beynəlxalq ictimaiyyətə yeni enerji gətirəcək”.
Türkiyənin sabiq prezidenti bildirib ki, beynəlxalq prinsiplərin sütunları gücləndirilməli, ikili standartlara yol verilməməlidir: "Məsələn, Rusiyanın Ukraynaya təcavüzü dünyada ciddi narahatlıq yaradıb, ABŞ və Avropa İttifaqı Rusiyaya sanksiyalar tətbiq edib. Digər tərəfdən, Azərbaycan ərazisi 20 ildir, işğal altındadır, 1 milyon insan qaçqın və köçkün düşüb. Ancaq üçüncü tərəflər bu məsələyə adekvat reaksiya verməyib. Eyni sözləri Fələstin problemi barədə də demək mümkündür. Təəssüf ki, beynəlxalq sistem bu problemlərin həllini təklif edə bilmir. Ona görə də etimada arxalanan regional təşkilatlar genişləndirilməlidir. Məsələn, ATƏT bəzi hallarda Avropada uğurlu olub, bəzi hallarda isə belə uğurlar qazana bilməyib”.
A. Gül deyib ki, sərbəst ticarətdə maneələrin aradan qaldırılması da önəmlidir: "Bazar iqtisadiyyatı plüralist, liberal demokratiya şəraitində uğurla fəaliyyət göstərə bilər. Ancaq biz avtoritar kapitalist modellərinin genişləndiyini görürük. Bu sırada Rusiya və Çini misal göstərmək olar. Unutmamalıyıq ki, böhranlar qeyri-şəffaflıq nəticəsində yaranır. Söhbət xüsusən bank sektorundan gedir”.
A. Gül 21-ci əsrdə BMT Təhlükəsizlik Şurasının rolunu artırmağı zəruri sayıb.