"Avropa Parlamentinin "erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etməsi
ağlasığmazdır”. "Sabahinfo”nun məlumatına görə, belə bir fikirlə "Regon”
Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev çıxış edib.
R.Nurullayev qətnamədə Türkiyəyə qarşı ciddi qərəzin olduğunu deyib:
"Birinci qərəz ondan ibarətdir ki, Avropa Parlamenti arxivlərin
açılmasını tələb edir. Məsələ burasındadır ki, Türkiyə prezidenti
Ərdoğan neçə illərdir ki, dünya alimlərini arxivlərində işləməyə dəvət
edir və arxivin üzünün hər kəsə açıq olduğunu bəyan edir.İkinci qərəz
ondan ibarətdir ki, birbaşa 1.5 milyon erməninin öldürülməsi haqqında
hökm verir. Çünki, 100 il bundan öncə baş vermiş hadisədə qurbanları
saymaq çox çətindir. Digər tərəfdən, səsləndirilən statistika da
fərqlidir. Aprelin 12-də Papa Fransis də "erməni soyqırımı” ifadəsini
işlətmiş və onu "XX əsrin birinci soyqırımı” adlandırdı. Türkiyə
ictimaiyyəti və Türkiyə rəsmilərinin, o cümlədən prezident Ərdoğanın
münasibəti çox kəskin oldu. Buna yol vermək olmazdı. Zənnimcə,
Türkiyənin Papaya sərt münasibəti Avropa parlamentərilərini sərt bəyanat
qəbul etməyə sövq etdi. Papa Fransisin və prezident Ərdoğanın da
qətnamədə adının keçməsi də dediyimizi sübut edir. Artıq birmənalı demək
olar ki, Türkiyə-Avropa münasibətləri ciddi şəkildə zədələndi. Bəlkə də
Türkiyənin Avropa Birliyi üzvlüyü məsələsi birdəfəlik qapandı. Çünki,
Türkiyə "erməni soyqırımı”nı tanımadan bu mümkün ola bilməz. Ola bilsin
ki, Türkiyə Avropa məsələləri üzrə nazir postunu ləğv etsin.Türkiyə
Ərdoğan dönəmində üzünü Şərqə döndərməyə başlamışdı. Artıq bu dönüş ən
azı 180 dərəcənin üstündə olacaq. Əlavə olaraq, Türkiyə-Rusiya
münasibətləri də yeni mərhələyə qədəm qoya bilər. Türkiyə Rusiya ilə
strateji müttəfiqlik qura bilər. Çox yəqin ki, bunun fonunda ABŞ-Türkiyə
görüşləri intensivləşəcək və ABŞ Avropa Parlamentinin bu səhvinin
apardığı qlobal siyasətə təsirini azaltmağa çalışacaq. Bu qətnamənin
Avropa-Azərbaycan münasibətlərinə də soyuqluq gətirməsi gözləniləndir.
Azərbaycan haqlı olaraq, Avropa Parlamentindən Xocalı soyqırımını
tanımağı tələb edəcək” – deyə politoloq qeyd edib.