"Azərbaycanda 50 min erməni yaşayır"

"Erməni terroru o qədər qloballaşıb ki, artıq dünyada təkcə tarixçilərin, siyasətçilərin, hüquqşünasların deyil, digər sahədən olan insanların da diqqətini cəlb edib".   

 

Bunu Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov bu gün SAM-da Oleq Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabınnın təqdimat mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, erməni terrorunun kökündə xəstə bir ideologiya durur ki, bu da "dənizdən-dənizə Ermənistan" yaratmaqdır: "Onların dənizlə heç bir əlaqəsi yoxdur, bilmək olmur, onların bu xəstə ideologiyası haradan qaynaqlanır. Ermənilərin bu xəstə ideologiyasının əsasında yalnız öldürmək, baş kəsmək durur.

 

Ermənistan tarixən Azərbaycana məxsus olmuş torpaqları güc yolu ilə özünə birləşdirməyə çalışır. Bunun üçün ermənilər Azərbaycanda terror aktları törətməyə başladı və indiyə qədər Azərbaycana qarşı 30-dan artıq terror aktları törədib. Bu, onu göstərir ki, ermənilər hələ də çirkin əməllərindən əl çəkməyiblər".

 

Dünyada ikili standartların hökm sürdüyünü vurğulayan Z.Әsgərov bildirib ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmir: "Beynəlxalq təşkilatlar və Avropa dövlətləri Ukrayna hadisələri ilə bağlı dərhal hərəkətə keçsə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu addımı atmır. 20 ildən artıqdır ki, Azərbaycan torpaqları erməni işğalı altındadır, BMT-nin torpaqların azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirilməyib".

 

Ermənilərin cəza almaması, bu cəzasızlıq şəraiti ermənilərin indiyə qədər belə terror hadisələri törətməsinə səbəb olub".

 

Z.Әsgərov həmçinin deyib ki, hazırda Azərbaycanda rəsmi olaraq 30 min erməni yaşayır: "Qeyri-rəsmi olaraq isə 50 min erməni yaşayır. Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılıb, təmir olunub. Amma ermənilər işğal etdikləri ərazilərimizdə 1 dənə də maddi mədəniyyət abidələrimizi salamat qoymayıblar, hamısını dağıdıblar".