"Bu, düşmən dəyirmanına su tökən qüvvələrin işidi" - Siyavuş Novruzov

"Bir sıra mətbuat orqanları və xəbər saytları dövlətin apardığı siyasət, deputatlar, Milli Məclis barədə həqiqətə uyğun olmayan məlumatlar yayır”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.


Komitə sədri bildirib ki, beynəlxalq aləmdə prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində cəbhədə baş verən hadisələrdən sonra dünya ölkələrindən Azərbaycana dəstək gəlir.

S.Novruzov təəssüflə qeyd edib ki, ayrı-ayrı saytlarda dövlətin apardığı siyasət, Milli Məclis barədə həqiqətə uyğun olmayan yazılar yazılır və bu, düşmən dəyirmanına su tökən qüvvələrin işidir:

"ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı yaxşı fikirlər səsləndirir. Erməni lobbisinin təsiri altında olan müəyyən qüvvələr isə ölkəmiz haqda qərəzli fikirlər bildirir. Həmin mətbuat orqanları qərəzli fikirləri başlığa çıxarır. Xaricdə olan ayrı-ayrı QHT-lərin fikirləri dövlətin fikri kimi təqdim edilir. Bunlar hamısı qərəzlidir və ermənilərə xidmət edən insanların əməlləridir.

Azərbaycan xalqı aprel hadisələrində göstərdi ki, həmrəydi, ölkənin Ali Baş Komandanı, ordusu ilə birlikdədir. Milli Məslisin deputatları aktiv şəkildə bu məsələ haqqında danışdılar. Deputatlarımız şəhidlərimizin dəfnində iştirak etdilər. Üzdəniraq qüvvələr isə bu məsələlərə kölgə salmaq istəyir, həqiqətə uyğun olmayan fikirlər səsləndirilər. Müaviq qurumlar bu mətbuat orqanları ilə əlaqədar tədbir görməlidir ki, şər-böhanla məşğul olmasınlar”.

Spiker Oqtay Əsədov isə bildirib ki, ABŞ-ın bir neçə qəzetində Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasəti ilə bağlı yazılar dərc olunub: "Bu barədə saytlarda yazı görmədim, amma onlar Qarabağ haqqında Ermənistanın yazdığı məlumatları başlığa çıxarırlar”.