Noyabrın 5-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi ziyafət verilib.
Sabahinfo.az xəbər verir ki, prezidentlər ziyafətdə çıxış ediblər.
Prezident İlham Əliyev ziyafətdə çıxış edərək bildirib ki, keçirilən görüşlər və aparılan müzakirələr, həmçinin imzalanan Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın inkişafına və genişlənməsinə töhfə verəcək: "Bizim siyasi, iqtisadi, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə uğurlu əməkdaşlığımızın gözəl nailiyyətləri var. Amma hesab edirəm ki, iqtisadi əlaqələrimizi daha da genişləndirmək, ticarət dövriyyəsini daha da artırmaq üçün potensial böyükdür”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir: "Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında yer alır. Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars ölkələrimizin nəinki regionda, hətta dünyada əhəmiyyətini və nüfuzunu artırır. Bu layihələr regionun inkişafına xidmət etməklə yanaşı, tarixi İpək Yolunun bərpasına mühüm töhfədir. Azərbaycan öz tərəfdaşları ilə birgə Avropanın enerji daşıyıcılarına olan tələbatının ödənilməsində mühüm rol oynayır. Biz artıq etibarlı tərəfdaş olduğumuzu sübut etmişik, birgə səylərimizlə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat infrastrukturunun fasiləsiz, davamlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi isə bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edir”.
Prezident İlham Əliyev humanitar sahədə də münasibətlərin uğurla davam etdiyini vurğulayıb: " Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu sahədə əlaqələrin inkişafında körpü rolunu oynayır. Bu baxımdan onların vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, xalqlarımız və ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir. Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstəyə əsaslanan çoxtərəfli əməkdaşlığımızın davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Dövlət başçısı qeyd edib ki, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi həll olunmamış münaqişələrdir: "Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzünə məruz qalıb və bunun nəticəsində ərazilərimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqeyini bildirib. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı 4 qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Lakin işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır”.