"Neftin qiyməti bir aşağı, bir yuxarı gedəcək" - MÜSAHİBƏ

Fatih Birol: "Mən Türkiyənin Rusiya və ya hər hansı bir ölkədən enerji asılılığını düzgün saymıram”

 

İstanbul. Mayis Əlizadə - APA. Mərkəzi Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyinin (İEA) icraçı direktoru Fatih Birolun APA-ya müsahibəsi

 

- XXIII Dünya Enerji Konqresinin açılışındakı çıxışında Rusiya prezidenti Vladimir Putin qiymətlərin yüksəlməsi üçün neft hasilatının məhdudlaşdırılmasının yeganə yol olduğunu vurğuladı. Bu barədə siz nə düşünürsünüz?

 

- Hələ uzun müddət dünyanın neftə və təbii qaza ehtiyacı olacaq. Çünki Çin, Hindistan, İndoneziya kimi ölkələr inkişaf etdikcə, insanlar avtomobil alacaqlar, ona görə neftə tələbat artacaq. Təbii qaz olmadan müasir dünyada sənayenin inkişafını düşünmək mümkün deyil. Bununla birlikdə, dünyada yenilənən enerji, günəş, külək, hidravlik enerjidən istifadə edilməyə başlanıb. Bundan sonrakı vəziyyət neft və qaz istehsal edən ölkələri daha  da önəmli hala gətirəcək. Ancaq mən Türkiyə də daxil olmaqla, enerji idxal edən ölkələrin tək bir mənbəyə bağlı qalmayıb, müxtəlif mənbələrdən neft-qaz almasının tərəfdarıyam.

 

- Burada müzakirə edilən əsas məsələlərdən biri neftin qiymətinin yenidən artırılması yollarıdır. Sizcə, bu müzakirələr neftin qiymətinin yenidən artması üçün yollar tapmağa kömək edəcəkmi?

 

- Neft ölkələri hasilatın məhdudlaşdırılması üçün bəzi müzakirələr aparırlar. Müzakirələr nəticəsində qəbul ediləcək qərarlar neftin qiymətinin yenidən artmasına kömək edəcəkmi? Bunu bilmirik, ancaq qiymətlərin yüksəlməsi üçün bazarda təzyiq yaradacaq. Əgər o təzyiq nəticəsində qiymətlər yüksələrsə, bu dəfə Amerika nefti bundan qazanclı çıxacaq. Hal-hazırda ABŞ-da azalmaqda olan neft istehsalı yenidən yüksələcək və nəticədə ABŞ bazara külli miqdarda neft çıxaracaq ki, bu da qiymətlərin aşağı düşməsi üçün təzyiq rolunu oynayacaq. Hər halda, neftin qiyməti bir aşağı, bir yuxarı gedəcək, vəziyyət onu göstərir.

 

- Rusiyanın bu təkidi ABŞ-ın işinə yarayacaq?

 

- Son təhlilə görə, ABŞ-dakı müstəqil neft istehsalçıları qiymətlərin bir az yüksəlməsini gözləyirlər.

 

- İstehsalı azaldaraq bazara müdaxilə etmək və qiymətləri o yolla qaldırmaq digər sənaye sahələrindəki investisiyalara mənfi təsir göstərməzmi?

 

- Məncə, insanlar sadəcə enerjini deyil, daha geniş sahələri düşünməlidirlər. Geniş düşünsələr, dünya iqtisadiyyatı mənfi təsirlərə daha az məruz qalar. Enerji dünya iqtisadiyyatının bir hissəsidir, ona görə də iqtisadiyyata bütövlükdə baxmaq lazımdır.

 

- "Türk axını” layihəsinə Rusiyadan baxanda bir cür, Türkiyədən baxanda isə başqa cür mənzərə ortaya çıxır, şərhlər çox fərqlidir. Siz necə baxırsınız?

 

- Rusiya dünya enerji bazarlarının önəmli künc daşlarından biridir. İki qonşu ölkənin enerji sahəsində əməkdaşlıq etməsi son dərəcə təbiidir. Mən Türkiyənin Rusiyaya və ya hər hansı bir ölkəyə bağlı qalmasını düzgün saymıram. İndi Rusiya ilə münasibətlər yaxşıdır, ancaq sabah dəyişə bilər. Türkiyə Aralıq dənizindən Xəzər dənizinə qədər olan bölgədəki müxtəlif mənbələrdən enerji idxal etməlidir ki, xarici siyasətdə əli güclü olsun.

 

- Xarici siyasət çərçivəsində bu cür şərhlərə də rast gəlirik: Rusiya Türkiyənin arzularını yerinə yetirir, digər tərəfdən isə, məsələn, Hələbdəki qruplara dəstək verilməməsini şərt qoyur.

 

- Vallah, işin o tərəflərini bilmirəm. İxtisasım olmadığına görə, o barədə danışmağım doğru olmaz. Amma Türkiyənin də, digər ölkələrin də yumurtaların hamısını eyni səbətə qoymamaları lazımdır.

 

- Konqresin açılışındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyevenerji sahəsində Türkiyə ilə 10 il əvvəl başlamış və daim yüksələn xətlə davam edən əməkdaşlığa diqqəti cəlb etdi. O pəncərədən baxarkən siz nələri görürsünüz?

 

- Azərbaycan həm Türkiyə, həm də bölgə üçün son dərəcə önəmli bir ölkədir. Önəmli problemləri olmasına baxmayaraq, böyük strateji layihələrə gələndə Azərbaycan daim düzgün qərarlar qəbul etdi. Bunun ən son örnəyiTANAP layihəsidir. TANAP-ın həm  Azərbaycan, həm Türkiyə, həm bölgə və həm də enerji sənayesi üçün 5 ulduzlu bir layihə olduğunu düşünürəm. Dünyada, Avropada və Türkiyədə enerji təhlükəsizliyini artıracaq gözəl bir layihədir. TANAP layihəsi həm Azərbaycan iqtisadiyyatına önəmli dərəcədə xeyir verəcək, həm də ölkənin dünyadakı mövqeyinin  güclənməsinə müsbət təsir göstərəcək.

 

- Açılışdakı çıxışında Türkiyə prezidenti Ərdoğan Türkmənistan təbii qazının da TANAP layihəsi vasitəsilə nəqlini istədiklərini dedi. Sizcə, bu, nə dərəcədə realdır?

 

- Türkmənistanın Norveç qədər təbii qaz ehtiyatı var, tarazlıqları dəyişdirməyə qadirdir. Türkmən təbii qazının TANAP vasitəsilə nəql edilməsi üçün hər ölkənin ciddi şəkildə çalışması lazımdır. O biri ölkələr dəstəkləsələr və Türkmənistan da öz öhdəsinə düşən addımları atsa, bölgədəki tarazlıqları dəyişdirə biləcək mənzərə meydana çıxa bilər.