"SSRİ dağıldıqdan sonra müstəqillik əldə etməsi məqamında bəzi
dövlətlərin bir-birinə qarşı yönələn ərazi iddialarının təməlində bir
tərəfdən tarixən beyinlərində formalaşan "böyük dövlət" iddialar
dayanırdısa, digər tərəfdən də regional güclərin bilərəkdən bu münaqişə
ocaqlarını yaratması siyasəti vardı. SSRİ dağıldıqdan sonra belə
münaqişə ocaqları Azərbaycan və Ermənistan arasında, Gürcüstanla muxtar
qurumları olan Abxaziya və Cənubi Osetiya arasında, Moldovada
Dnestryanı, Ukraynada, Rusiyanın özündə və digər bölgələrdə yarandı. Biz
1992-ci ildə bu münaqişələrin təhlükəsi haqqında məsələni ilk dəfə
ATƏT-in Helsinki sammitində, daha sonra 1994-cü ildə Budapeşt, 1996-cı
ildə Lissabon, 1998-ci ildə isə İstanbul sammitlərində və sondakı
tədbirlərdə qaldırmışıq, regional münaqişələrə son qoymadan beynəlxalq
sülhün təmin olunmasının qeyri-mümkünlüyü barədə xəbərdarlıq etmişik”.
Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bunu, Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov III Bakı Qlobal
Forumunda çıxışı zamanı deyib.
Ə. Həsənov
xatırladıb ki, 1992-93-cü illərdə Ermənistanın Azərbaycan torpaqlarını
işğal etməsinə cavab olaraq, BMT Təhlükəsizlik Şurası (TŞ) 4 dəfə
toplanıb və Ermənistan əleyhinə qətnamələr qəbul edib. Qətnamələrin
tələbləri Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməsi,
qoşunları təmas xəttindən çəkilməsi, daha sonra iki dövlət arasında
münaqişənin tam həlli barədə danışıqlar aparılması ilə bağlı olub:
"Bunun üçün ATƏT-in Minsk Qrupu yaratdılar. Daha sonra xüsusi həmsədrlik
institutu ilə ABŞ, Fransa və Rusiyanı daxil etdilər. Lakin Avropa və
dünyada cərəyan edən ikili standartlar nəticəsində BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi o 4 qətnamə həyata keçmədi. Buna görə də Dağlıq
Qarabağ problemindən ruhlanan Abxaziya və Cənubi Osetiya münaqişəsi
Gürcüstanın, Dnestryanı problemi Moldovanın ərazi bütövlüyünü təhdid
elədi. Bundan ruhlanan digər ərazilərdə, o cümlədən Rusiyanın öz
ərazisində - Çeçenistanda, Dağıstanda etnik münaqişələr başlandı. Biz
bir daha beynəlxalq aləmə bu məsələlərə prinsipial yanaşmaq lazım olması
barədə çağırışlar etdik".
Ə. Həsənov təəssüflə
qeyd edib ki, nə BMT öz qərarlarının icrası üçün prinsipial addımlar
atıb, nə də Təhlükəsizlik Şurası vahid standartlar çərçivəsində çıxış
edərək Azərbaycanın ərazi bütövlüyü və münaqişənin, işğalın qarşısını
alıb: "Nəticədə nə baş verdi? Nəticədə Ukrayna məsələsi oldu. Bu gün
Ukraynada münaqişəni həll etmək üçün bütün səylərini ortaya qoyan
beynəlxalq aləm, Avropa, ABŞ 1992-ci ildən bizim çağırışlara prinsipial
münasibət göstərib, Dağlıq Qarabağ münaqişəsi ətrafında vahid
standartlardan çıxış edib beynəlxalq hüquq normalarını bərqərar etsəydi,
bu münaqişələr yaşanmazdı”.
Ə. Həsənov deyib ki,
müasir dünyada münaqişələrin həll edilməməsinin birinci səbəbi
beynəlxalq hüquq normalarının pozulması və bu normalara əməl olunmasının
BMT Təhlükəsiz Şurası tərəfindən prinsipal təmin olunmamasıdır:
"1992-ci ildən bəri BMT TŞ-nın 4 qətnaməsi havadan asılı qaldığı halda,
bir günün içində Küveyt torpaqlarını işğal etmiş İraq bu ərazidən
çıxarıldı. Bir günün içərisində Liviya ilə bağlı qərar qəbul olundu və
icra edildi. Bir günün içində Misirə və Yuqoslaviyaya qoşun yeridildi.
Deməli, söhbət ondan gedir ki, beynəlxalq güclər onlara sərf edəndə
beynəlxalq hüquq normalarına istinad edir və onun təmin olunması üçün
hərəkətə keçirlər. Amma onlara sərf etməyəndə öz maraqları çərçivəsində
oynayırlar. Bu oynamanın nəticəsində Cənubi Qafqazda sülh hələ də
bərqərar olmayıb”.