Qara dənizə düşən "Tu-154” təyyarəsinin "qara qutu”sundakı yazının ilkin təhlili qəzanın pilotların səhvi ucbatından baş verdiyini təsdiqləyir. Modern.az saytı xəbər verir ki, Rusiyanın NTV telekanalının məlumatına görə, "qara qutu”dakı yazının təhlili qəzanın idarəetmədəki səhvlə bağlılığının prioritet versiya olması barədə nəticə çıxarmağa əsas verir. "Interfax” agentliyi təhqiqatın hələlik rəsmi olmayan digər mühüm təfərrüatları barədə də məlumat verib. İlkin məlumata görə, "Tu-154” təyyarəsi qanadlarının qaldırıcı qüvvəsinin uçuş üçün yetərli olmaması səbəbindən qəzaya uğrayıb.
Xatırladaq ki, "Tu-154” təyyarəsi bazar günü səhər havaya qalxdıqdan bir neçə dəqiqə sonra Soçi yaxınlığında Qara dənizə düşüb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka, həmçinin Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub. Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb.