Yeni il gecəsi İstanbuldakı "Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən və yanvarın 16-na keçən gecə Esenyurtda yaxalanan terrorçu Abdulkadir Maşaripovla bağlı yeni məlumatlar üzə çıxıb. Lent.az xəbər verir ki, "CNNTürk” Raqqadan təlimat aldığını etiraf edən terrorçunun pulu da həmin qaynaqdan əldə etdiyini yazıb. Qeyd edilib ki, Maşaripovu idarə edən Hoca Akın adlı şəxs İŞİD-in Türkiyə əmiridir və əsl adı İlyasdır. Onlar internetdəki mesajlaşma proqramlarından biri vasitəsi ilə daim əlaqədə olub.
Bildirilir ki, İstanbul polisi əməliyyat keçirərkən terrorçu qaçmaq planı üzərində işləyirmiş. Həmin vaxt digər İŞİD üzvləri Maşaripovu gizli yollarla Türkiyədən çıxarmaq üçün hazırlıq görüblər. Onlar Maşaripovu Raqqaya çatdırmaq istəyiblər.
Məlum olub ki, hadisədən sonra Maşaripov yaş yarımlıq qızı və həyat yoldaşından ayrılıb və 4 yaşlı oğlu ilə gedib. Lakin əməliyyat keçirilən evdə uşaq tapılmayıb. Polis hazırda həmin uşağı axtarır.
O da bildirilir ki, polisin mənzilə basqını zamanı terrorçu onlara yalvararaq "Lütfən, məni öldürməyin” deyib.
**
11:13
Yeni il gecəsi İstanbulun məşhur "Reina” gecə klubunda qətlim törədən və 2 gün əvvəl yaxalanan terrorçu Abdulkadir Maşaripovun ilkin ifadəsi yayılıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, "Əl-Qaidə” terror təşkilatının düşərgələrində təlim keçdiyini və Raqqada İŞİD əmirindən təlimat aldığını etiraf edən terrorçu həmin gecə əslində İstanbulun Taksim meydanında qətliam törətməli olduğunu deyib.
39 nəfərin öldürüldüyü olaydan 17 gün sonra İstanbulun Esenyurt adlanan hissəsində tutulan Maşaripov Türkiyəyə İran ərazisindən keçdiyini deyib. "Əbu Məhəmməd Xorasani” kod adı altında hərəkət edən terrorçu ailəsi ilə birgə ilk olaraq Konyaya getdiyini deyib: "Orada olduğum müddətdə Raqqa ilə telefon vasitəsi ilə əlaqə saxlayırdım. Mənə Yeni il gecəsi Taksimdə qətliam törətmək təlimatı verildi. Taksimə getdim və ərazini öyrəndim, görüntüləri Suriyaya göndərdim. Təhlükəsizlik tədbirləri güclü olduğundan Raqqadakı İŞİD lideri olan Hoca Aka mənə başqa hədəf tapmağımı tapşırdı. Mən də gecə taksi ilə sahil boyu gəzərkən, saat təxminən 22 radələrində "Reina”ya rast gəldim. Terror üçün uyğun yerə oxşayırdı. Mühafizə demək olar ki, təşkil edilməmişdi. Dərhal telefonla əlaqə saxlayıb, "Reina”nın uyğun yer olduğunu dedim. O da qəbul etdi və evə gedib silahı götürüb qayıtdım”.
Bildirilir ki, terrorçunun yaxalanması ilə bağlı polis ümumilikdə 7200 saatlıq kamera görüntüsünü araşdırıb. Konya, Hatay, İzmir və İstanbuldakı əməliyyatlara ümumilikdə 2 min polis cəlb edilib. Onun yaxalanması ilə bağlı 152 ünvana basqın həyata keçirilib, 50 nəfər şübhəli şəxs kimi tutulub, 168 əcnəbi isə terrorçu olmaq şübhəsi ilə araşdırmalara cəlb edilib.