Noyabrın 8-də ABŞ-da tək prezident seçilməyəcək, həm də 9 ştatın sakinləri marixuananın leqallaşdırılıb-leqallaşdırılmaması ilə bağlı səs verəcəklər.
sabahinfo.az "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Arizona, Kaliforniya, Men, Massaçusets və Nevada ştatının sakinləri narkotik vasitə olan marixuananın əyləncə məqsədi ilə satışına icazə verilib-verilməməsinə münasibət bildirəcəklər.
Florida, Arkanzas və Şimali Dakota ştatının sakinləri marixuananın tibbi göstərişlər əsasında satışına icazə verilib-verilməməsi barədə qərar verməlidirlər. Montana ştatının sakinləri isə tibbi göstərişlə satışını nəzərdə tutan qanunun əhatə dairəsinin genişləndirilib-genişləndirilməməsinə münasibətlərini bildirməlidirlər.
Hazırda ABŞ-ın 19 ştatında, o cümlədən paytaxt Vaşinqtonda marixuananın tibbi göstəriş əsasında satışı leqallaşdırılıb. Tibbi göstəriş əsasında marixuana almalarına icazə verilən xəstələrin əhatə dairəsi də ştatlardan asılı olaraq dəyişir. Bu xəstələr arasında xərçəng xəstəliyinin müxtəlif növlərindən, epilepsiyadan, dağınıq sklerozdan əziyyət çəkənlər var.
Vaşinqton, Oreqon, Kolorado və Alyaska ştatlarında isə marixuananın əyləncə məqsədi ilə istifadəsi də mümkündür.