Ağalar İsrəfil oğlu Vəliyev NAMİZƏDİN TƏRCÜMEYİ-HALI

Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci ilin iyulun 23-də Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. 1963-cü ildə Yevlax şəhər 2 saylı orta məktəbinin I sinifinə daxil olmuş və 1973-cü ildə həmin şəhərin 8 saylı orta məktəbinin X sinifini bitirmişdir. 1973-cü ildə Mingəçevir Politexnik Texnikumunun "Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1976-cı ildə həmin texnikumu bitirmişdir.

A.İ.Vəliyev əmək fəaliyyətinə 1976-cı ilin martın 26-da Yevlax Dəmir-Beton Məmulatları zavodunda III dərəcəli fəhlə kimi başlamışdır. 1976-cı ilin may ayından 1978-ci ilin may ayınadək həqiqi hərbi xidmətdə olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra Yevlax Dəmir-Beton Məmulatları zavodunda texnik-laborant, laboratoriya mühəndisi, texniki-istehsalat şöbəsinin rəisi, baş mühəndis, direktor əvəzi və direktor vəzifələrində işləmişdir.

1983-cü ildə A.İ.Vəliyev Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1989-cu ildə həmin institutu "İnşaatçı-mühəndis” ixtisası üzrə bitirmişdir.
A.İ.Vəliyev 1991-ci ildə "Azəravtoyol” İstehsalat Birliyinin Yevlax "Körpü Tikinti” Kombinatının baş direktoru vəzifəsinə, 1993-cü ildə isə Yevlax "2 saylı Yol Təmir Tikinti” Trestinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 19 iyun 1996-cı il tarixli sərəncamı ilə A.İ.Vəliyev "Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunmuşdur. "Tikinti kompleksinin inhisarlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 02 dekabr 1997-ci il tarixli 646 saylı Fərmanının icrasına uyğun olaraq A.İ.Vəliyev 01 mart 1998-ci il tarixindən "Azəraqrartikinti” Dövlət Şirkətinin bazasında yaradılmış "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyyətinin sədri-prezidenti vəzifəsinə seçilmişdir.

A.İ.Vəliyev ölkənin inşaat-tikinti sektorunda özünəməxsus yeri və böyük nüfuzu olan "Azəraqrartikinti” ASC-yə rəhbərlik etdiyi illər ərzində Bakı şəhərində və respublikanın rayonlarında yüzlərlə müxtəlif təyinatlı tikililər, binalar, qurğular inşa edilmiş, bir sıra strateji əhəmiyyətli obyektlər və avtomobil yolları istismara verilmişdir. Bu obyektlərin bir çoxlarının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmiş və görülən işləri yüksək dəyərləndirmişdir.

2010-cu ilin noyabr ayında A.İ.Vəliyev Yeni Azərbaycan Partiyasından irəli sürülmüş namizəd kimi 11 saylı Qaradağ Seçki Dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Hazırda A.İ.Vəliyev Milli Məclisin deputatı kimi fəaliyyət göstərir, parlamentin İqtisadi siyasət komitəsinin, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür və Azərbaycan-Slovenya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli sərəncamı ilə A.İ.Vəliyev "Əməkdar mühəndis” fəxri adına layiq görülmüş və 10 aprel 2012-ci il tarixli fərmanı ilə "Şöhrət” ordeni ilə təltif olunmuşdur.
A.İ.Vəliyev evlidir, bir oğlu və bir nəvəsi vardır.

11 saylı Qaradağ Seçki Dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Mılli Məclisinin deputatı cənab Ağalar Vəliyevin 2010-2015-ci illər ərzində fəaliyyəti və yerinə yetirilmiş işlər barədə

M Ə L U M A T

Daim öz fəaliyyətində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsipləri və hörmətli dövlət başçımız cənab İlham Əliyevin qarşıya qoyduğu proqram xarakterli vəzifələri rəhbər tutaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Ağalar Vəliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin dəstəklənməsi və onun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətlərində xeyli işlər görülmüşdür .
"Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" və "Daxili Nizamnaməsi haqqında" Qanunların tələblərinə uyğun olaraq qanunvericilik, təmsilçilik, nümayəndəlik funksiyalarının icrası ilə yanaşı Qaradağ rayonunun ictimai-siyasi həyatında fəallıq göstərilməsi, 11 saylı Seçki Dairəsinə daxil olan 8 qəsəbənin sosial-iqtisadi problemlərinin həllinə köməklik edilməsi millət vəkilinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil etmişdir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olaraq ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strateqiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə yönələn bir sıra qanunların, o cümlədən 2011-2015-ci illərin "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" , "Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsi haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "Sığorta fəaliyyəti haqqında", "Patent haqqında" və digər önəmli iqtisadi qanunların hazırlanmasında fəal iştirak etmiş, qanunların qəbulunda nəzərə alınan təkliflər vermişdir.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olan cənab Ağalar Vəliyev Avropanın müxtəlif ölkələrində keçirilən qış və yaz sessiyalarında, o cümlədən Assambleyanın cari ilin iyul ayında Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunan və ATƏT-in yaradılmasının 40 illik yubileyinə həsr olunmuş 24-cü illik sessiyasında iştirak etmiş və müzakirə olunan məsələlərinə dair ölkəmizin mənafeyinə uyğun prinsipial mövqeyini nümayış etdirmişdir.
Azərbaycan –Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə arasında müxtəlıf sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi,
dövlətlərimizin, parlamentlərimizin və xalqlarımızın mənafelərinə uyğun münasibətlərin formalaşdirilması üçün deputat tərəfindən zəruri işlər aparılmışdır.
Ölkə rəhbərlərinin qarşılıqlı əməklaşlığının, eləcə də parlamentlərin və dostluq qruplarının birgə səmərəli fəaliyyətinin nəticəsidir ki, 22 dekabr 2014-cü il tarixində Sloveniya Parlamentinin Milli Şurasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun qərar qəbul olunmuşdur.
Sloveniya Respublikasının Milli Şurasının Sədri cənab Mitya Bervarın rəhbərlık etdiyi parlament nümayəndə heyətinin 2015-ci ilin martın 02-05 tarixlərində Azərbaycan Respublikasına rəsmi səfəri zamanı keçirilən görüşlər və əldə olunan razılaşmalar Azərbaycan-Sloveniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir.
Yeni Azərbaycan Partiyasının namizədi olan deputat kimi cənab Ağalar Vəliyevin fəaliyyətinin ən önəmli istiqamətlərini ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında son 12 il ərzində qazanılan və müasir dünya tərəfindən qəbul olunan uğurların təbliği təşkil etmişdir.
Belə ki, 2013-cü ilin oktyabrın 9-da keçirilən və Azərbaycanın gələcəyi üçün taleyüklü əhəmiyyət kəsb edən Prezident seçkiləri ərəfəsində millət vəkili Yeni Azərbaycan Partiyasının Seçki Qərərgahı ilə birgə 11 saylı Qaradağ seçki dairəsinə daxil olan qəsəbələrdə və əmək kollektivlərində çoxsaylı görüşlər zamanı dövlət başçımızın seçkiqabağı təbliğat-təşviqat kompaniyasının təşkilində fəal iştirak etmiş və cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində istər daxili, istərsə də xarici siyasət sahəsində qazanılan nailiyyətləri ehtiva edən geniş təbliğat işləri aparmışdır.
Bu baxımdan respublikanın aparıcı kütləvi-informasiya vasitələrində, o cümlədən «Azərbaycan», «Xalq», «Respublika» qəzetlərində, «Milli Məclis» analitik informasiya jurnalında, Yeni Azərbaycan Partiyasının saytında vaxtaşarı dərc olunan məqalələrində və müsahibələrində Azərbaycanın hazırda inkişaf edən, müasirləşən, beynəlxalq aləmdə böyük nüfuzu olan, qlobal layihələri reallaşdıran, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli bir dövlət olduğunu xüsusi ilə vurğulanmışdır.
Eyni zamanda cənab Prezidentin təşəbbüsü və dəstəyi ilə müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində respublikamızın bütün reqionlarında, o cümlədən Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri kontekstində seçiçilərimin sosial sifarişlərinin yerinə yetirilməsi bir millət vəkili kimi cənab Ağalar Vəliyevin fəaliyyətində prioritet istiqamətləri təşkil etmişdir.
11 saylı Qaradağ Seçki Dairəsindən Milli Məclisin deputatı olaraq Qaradağ rayonunun qəsəbələrinin seçiçiləri ilə keçirilən müntəzəm görüşlərdə, aparılan mütəmadi qəbullarda, vətəndaşların fərdi və kollektiv müraciətlərində qaldırılan problemlərin həllinə köməklik göstərilməsi, məhəllədaxili yolların asfaltlanması, əhalinin enerji daşıyıcıları və komunal xidmətlərlə təminatının yaxşılaşdırılması məqsədi ilə deputat tərəfindən son beş il ərzində xeyli işlər görülmüşdür.
Belə ki, Sahil, Qobustan, Ələt, Müşfiqabad, Qızıldaş, Səngəçal, Ümid və Çeyildağ qəsəbələrinin müxtəlif küçələrinə ümumilikdə 61 000 kv.metr sahəyə yeni asfalt örtüyü döşənmişdir.
Sakinlərin elektrik enerjisi ilə təhçizatının normallaşdırılması üçün Ələt qəsəbəsində 2 ədəd 400 kva-lıq, Qızıldaş qəsəbəsində 2 ədəd 630 kva-lıq, Səngəçal qəsəbəsində 1 ədəd 400 kva-lıq və 1 ədəd 600 kva-lıq müasir elektrik transformatoru quraşdırılmışdır.
Ümid qəsəbəsində sel və lay sularının qarşısının alınmasını və ötürülməsini təmin edən müasir tipli qurğular tikilmişdir.
Qaradağ rayonunun qəsəbələrinin ayrı-ayrı ünvanlarında su və kanalizasiya xətlərinin əsaslı təmirinə zəruri köməklik göstərilmiş, Ələt qəsəbəsində 2200 p/metr uzunluğunda, Qobustan qəsəbəsində 1100 p/metr uzunluğunda müxtəlif ölçülü yeni su boruları çəkilmişdir.
Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində çoxmərtəbəli yaşayış binalarında istismara yararsız vəziyyətdə olan 172 ədəd liftin əsaslı təmirinə köməklik göstərilməsi üçün respublikanın aidiyyatı qurumları qarşısında məsələ qaldırılmış və hazırda həmin liftlərin yeniləri ilə əvəz olunması davam etməkdədir.
Xalqımızın xeyiriyəçilik, xeyirxahlıq və humanizm ənənələrinə uyğun olaraq millət vəkilinin bilavasitə təşəbbüsü ilə Novruz və Qurban bayramları, Dunya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Qaradağ rayonunun 8 qəsəbəsinin hər il 575 olmaqla, 5 il ərzində 5750 şəhid, əlil və aztəminatlı ailəsinə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları və qurban payları çatdırılmış, Ramazan bayramı münasibəti ilə qəsəbələrdə böyük iftar mərsaimləri təşkil olunmuşdur.
Eyni zamanda seçicilərlə keçirilən görüşlərdə və aparılan qəbullarda fərdi qaydada müraciət etmiş 21 nəfər ixtisaslarına uyğun işlə təmin olunmuş, şəhid, əlil, tənha və ahıl insanlar da daxil olmaqla ağır sosial vəziyyətdə yaşayan 123 seçicinin müalicəsinə, evlərinin tikintisinə, mənzillərinin təmirinə, müxtəlif təyinatlı avadanlıqlarla və ləvazımatlarla təmin edilməsinə maliyyə yardımı göstərilmişdir.
Milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq deputatın maliyyə dəstəyi ilə rayonun imkansız mömin seçicilərinin ölkə xaricindəki müqəddəs ziyarətgahlarda olması ücün cari il də nəzərə alınmaqla 153 zəvvar Məşhəd ziyarətinə və 26 zəvvarın Həcc ziyarətinə göndərilmişdir.
Ölkə rəhbərliyinin insan kapitalının formalaşdırılması siyasətinin, təhsil sistemində aparılan islahatların dəstəklənməsi və təlimdə nailiyyətləri olanların stimullaşdırılması məqsədi ilə 2011-2015-ci tədris illəri ərzində millət vəkilinin tərəfindən Qaradağ rayonunun 8 qəsəbəsinin 19 ümumtəhsil məktəbinin I-XI siniflərinin 999 əlaçı şagirdə fərqlənmə təqaüdü verilmiş, 600-dan yuxarı balla ali məktəblərə daxil olmuş 61 tələbəyə pul mükafatları təqdim edilmiş, 3 aztəminatlı tələbənin təhsil haqqı ödənilmiş, bir sıra təhsil müəssisələrinə noutbuklar və kompüter dəstləri hədiyyə olumuşdur.