Bakı–Astana əlaqələri: Türk dünyasının inteqrasiyasındakı rolu – Şərh

“XXI əsrin geosiyasi reallıqları, o cümlədən Azərbaycanın Ermənistanla sülh sazişini paraflamasından sonra yaratdığı yeni reallıq, enerji resursları, bağlantı dəhlizləri uğrunda gedən mübarizələr və digər amillər ölkələri öz xarici siyasət konsepsiyalarını yenidən nəzərdən keçirməyə vadar edir. Azərbaycan da bu qlobal kontekstdə öz maraqlarını qorumaq və daha etibarlı tərəfdaşlıq modelləri qurmaq üçün xarici siyasətinin coğrafi istiqamətlərini şaxələndirir. Xarici siyasətində çoxvektorlu diplomatiyaya üstünlük verən Azərbaycan son illərdə yürütdüyü uğurlu diplomatiya nəticəsində çox böyük uğurlara imza atıb. Bütün bu səbəblərdən də Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən hesab olunur”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli Prezident İlham Əliyevin Qazaxıstana səfəri ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Deputat bildirib ki, bütün bu geosiyasi dəyişikliklər fonunda Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə xüsusi strateji və siyasi əhəmiyyət verir. “Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də regional təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və enerji əməkdaşlığının dərinləşməsinə xidmət edir”, – o vurğulayıb.

Deputat əlavə edib ki, son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə, eləcə də bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri intensiv xarakter alıb: “Bu qarşılıqlı səfərlər nəticəsində ikitərəfli və çoxtərəfli formatlarda mühüm sənədlər imzalanıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Siyasi əlaqələrlə yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni sahələrdə də münasibətlər daha da genişlənib.

Azərbaycanın xüsusilə sıx və tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri Qazaxıstandır. Azərbaycanın və Qazaxıstanın strateji tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində uğurla inkişaf edir.

Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir.

Ötən illər ərzində Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hüquqi bazasını formalaşdırmaq üçün 170-dək siyasi, iqtisadi, investisiya və mədəni-humanitar sahələri əhatə edən sənədlər imzalanıb. Xüsusilə bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bu sənəd əməkdaşlığın müxtəlif sahələrdə etibarlı əsasını formalaşdıraraq son illərdə münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradıb.

Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli müstəvidə deyil, həm də çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal və səmərəli əməkdaşlıq edirlər. Hər iki ölkə beynəlxalq qurumlarda bir-birini daim dəstəkləyir. Azərbaycan və Qazaxıstan beynəlxalq arenada bir çox qlobal və regional məsələlərdə ortaq mövqedən çıxış edərək, həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də sülh və sabitliyin təmin olunmasına töhfə verirlər”.

Deputat qeyd edib ki, Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş fəaliyyəti Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.

O deyib ki, Şərqlə Qərb arasında yeni nəqliyyat-kommunikasiya xətlərinin açılması və Mərkəzi Asiya ölkələri üçün yaranan imkanlar bu məsələdə ölkələrimizin maraqlarının üst-üstə düşdüyünü göstərir: “Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinə çevrilməsinə xidmət edən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası da diqqətəlayiqdir. Bu çərçivədə 2022-ci il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan–Qazaxıstan əməkdaşlığında iqtisadi-ticari münasibətlər strateji önəm daşıyır. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində ardıcıl birgə təşəbbüslər həyata keçirir və əməkdaşlığı davamlı olaraq genişləndirir. Bu yüksəliş Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.

Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün strateji əhəmiyyət daşıyan sahədir. İnfrastrukturun davamlı inkişafı və tarif-logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılmasına və ikitərəfli münasibətlərin möhkəmlənməsinə şərait yaradır. Bu sahədə qarşılıqlı fəaliyyət artıq əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki illə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub.

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında imzalanan “Yol Xəritəsi” iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Qarşılıqlı səmərəli fəaliyyət neftin emalı, tranziti və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verərək Azərbaycanın regional enerji mərkəzinə çevrilməsinə xidmət edir.

Bütün bunlar sübut edir ki, ortaq soykökə və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər təkcə siyasi, iqtisadi, hərbi sahələrdə deyil, həm də təhsil, mədəniyyət, humanitar sahələrdə də davamlı olaraq inkişaf edir. Cənab Prezident İlham Əliyevin qardaş Qazaxıstana dövlət səfəri də xalqlarımız arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət etməklə yanaşı, regionda sabitliyə, sıx əməkdaşlığa, təhlükəsizliyə və tərəqqiyə töhfə verəcək”.