Bakı Forumu Azərbaycanın sülh siyasətini  bütün dünyaya nümayiş etdirdi

Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bölgədə sülhün təmin olunması istiqamətində davamlı, ardıcıl səylər göstərir, humanizm və ədalət kimi ali prinsiplərin qorunmasına töhfələr verir. Qlobal təhlükəsizliyin, dünyada narahatlııq yaradan ciddi problemlərin ölkəmizdə keçirilən mötəbər tədbirlərdə  müzakirəsi liderlər tərəfindən təqdir olunmaqla bərabər, həm də dövlətimizin dünyada artan nüfuzunun göstərici kimi diqqət çəkir.    

Dünyada uğurlu platformaya çevrilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda 50-dən artıq ölkənin, beynəlxalq təşkilatların, nüfuzlu ictimai və dövlət xadimlərinin iştirakı ilə reallaşan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu da narahatlıq doğuran məsələrərin, yoxsulluğun, ədalətsizliyin və bəşəriyyət üçün təhlükə yaradan digər problemlərin müzakirəsinin səmərəliliyi baxımından böyük maraq doğurdu.    

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmsədrlərinin səyi ilə qlobal məsələlərin müzakirəsini aparan bu qurumun geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı institutlardan birinə çevrildiyini vurğuladı. Qlobal Bakı Forumunu mükəmməl platforma adlandıran ölkə başçısı dünyanı daha da təhlükəsiz etmək üçün liderlərin bir-biri ilə  daha yaxından əlaqə yaratmalarının zəruriliyini xatırlatdı.

Prezident Qafqazda regional təhlükəsizliklə bağlı Azərbaycanın yanaşmalarına toxunaraq, Vətən savaşında ədalətli qələbə əldə etməklə beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunduğunu bildirdi. Eyni zamanda, Azərbaycanın münaqişədən sonra təcavüzkarı məğlubiyyətə uğradan ölkə kimi qarşı tərəfə sülh təklifinin dünyada nadir hallarda rastlaşılan hadisə olduğunu dedi.
Buna baxmayaraq,  Azərbaycan dövləti sülhü seçdi, dövlət başçısının vurğuladığı kimi, respublikamız Cənubi Qafqazda barışa, sabit, dayanıqlı inkişafa üstünlük verdi və bu məqsəd uğrunda əzmlə mübarizəyə başladı.  

Dövlətimizin başçısı çıxışında Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı  üçtərəfli Bəyanatın müddəalarını, o cümlədən kommunikasiyaların açılması məsələsini xatırladaraq, o zaman bu məsələlərin həyatda öz təsdiqini tapacağına inanıldığını söylədi. Ölkə rəhbəri həmin vaxtdan ötən müddətdə Ermənistanın təəssüf ki, bəyanatın icrası ilə bağlı heç bir əməli addım atmadığını, bu istiqamətdə heç nəyin dəyişmədiyini, bunun qəbuledilməz bir hal olduğunu və belə bir vəziyyətin regionda bir disbalans yaratdığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin açılmasını regional sülhün fundamental elementi adlandıraraq, Azərbaycana bu əlaqə yolunun  təqdim edilməyəcəyi təqdirdə sülh haqqında danışmağın çətin olacağını bildirdi.

Bu məsələdə ölkəmizin, eləcə də qonşu Gürcüstanın mövqeyi bütün dünyaya məlumdur. Ermənistanın Cənubi Qafqazı necə görmək istədiyi haqqında isə danışmaq çətindir.

Dövlətimizin başçısı forum iştirakçılarına, eyni zamanda, müraciətlə dialoq və təmaslar qurmağın, region üçün xüsusi əhəmiyyət daşıyan məsələlərin, eləcə də nəqliyyat sahəsində əməkdaşlığın, tranzitlə bağlı yeni imkanlarının nəzərdən keçirilməsinin müzakirəsinə, həllinə birlikdə nail olmağın zəruriliyini xatırlatdı.  

Azərbaycan Prezidenti forumdakı çıxışında Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyinə də toxundu.  Ölkə rəhbəri  ATƏT-dən mandat alan bu təsisatın 28 il ərzində heç bir nəticə əldə etmədiyini, buna görə də Azərbaycanın özünün Qarabağ münaqişəsini aradan qaldırdıqdan sonra artıq bu qrupun işinə ehtiyac qalmadığını bildirdi.  

Rusiya-Ukrayna müharibəsindən sonra isə daha aydın göründü ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz. Bu, həm də o anlamı verir ki, Minsk qrupu funksiyasını itirib.

Forumun  qlobal gündəliyinin aktual məsələlərindən olan enerji təhlükəsizliyinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın resurslarına təlabat  son vaxtlar xeyli  artıb, qısa vaxtda bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı Azərbaycana müraciətlər daxil olub. Buna görə də Avropa Komissiyası ilə enerji dialoquna start verilib. İndi artıq təkcə Azərbaycan qazının nəql olunması deyil, həm də neft, elektrik enerjisi və hidrogen də müzakirə mövzusuna çevrilib.  

Sonda Rəşad Mahmudov bildirib ki,  beləliklə, dünya yenidən qlobal problemlərin mümkün həlli yollarını araşdıran və bu istiqamətdə Bakıdan səslənən təşəbbüslərinin şahidi oldu. Prezident İlham Əliyev demişkən, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına zəmin yaradır. 
 
Bakı Forumu regionun lider dövləti olan Azərbaycanın dünyanın siyasi-iqtisadi problemlərinin həllində söz sahibi olan dövlətə çevrilməsinin təsdiqi oldu. 
Başqa sözlə, Prezident İlham Əliyevin 2003-cü ildən başlayan uğurlu daxili və xarici siyasəti özünün məntiqi nəticəsinə çatmaqdadır. Bu gün Azərbaycan dünya güclərinin hesablaşdığı və rəyini, maraqlarını nəzərə alacaq bir durumdadır.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı