Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin nümunəsi olacaqdır.
Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaqdır. “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcəkdir. Eyni zamanda, stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcəkdir. Bu məsələlər toxunan Prezident İlham Əliyev qeyd etdi ki:”Bizim energetika sahəsində çox böyük planlarımız var. Artıq qeyd olunduğu kimi burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.Bildirməliyəm ki, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq”. Göründüyü kimi, bu layihələr Azərbaycan iqtisadiyyatı, kənd təsərrüfatı və turizm sektorumuz üçün son dərəcə mühümdür.
Qeyd etmək lazımdır ki, əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxmışdır. İki ölkə arasındakı siyasi münasibətlərin və diplomatiyanın möhkəmliyi, bölgədə sabitliyin və sülhün təmin edilməsinə də böyük töhfə verir. Bu mərasimin ən mühüm və təsirli anı ilk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə görüşmələri idi. 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərdən sonra, Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən Xudafərin körpüsünə Dostluq körpüsü dedi. Mayın 19- da isə iki ölkə başçısının sərhəddə görüşməsini dəyərləndirən ölkə başçısı İlham Əliyev qeyd etdi ki: “ Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir”.
Bu tədbir həm İran-Azərbaycan münasibətlərinin bərpası və inkişafı, iqtisadi imkanların artması və şaxələnməsi baxımından, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərin də buna əsas yaradır: “ İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir”. Ölkə başçısı qeyd edib ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”. Azərbaycan Prezidentinin fürsətdən istifadə edərək sülh yolu ilə nizamlanma məsələsi ilə bağlı növbəti dəfə çıxış etməsi bu məsələnin kəskin aktuallığından xəbər verir. Hələ ki, İrəvanın tutduğu konstruktiv kursa tam etibar etmək olmur. Çünki, biz tez-tez rəsmi İrəvanın ziddiyyətli bəyanatlar verməsinin, yaxud bir şeyi deyib, başqa şeylər etməsinin şahidi olmuşuq. Digər tərəfdən, Ermənistanda hakimiyyətin zorakılıqla devrilməsi riski ilə daxili etirazların artması təhlükəsi hələ də mövcuddur. Ən əsası isə, xarici qüvvələr İrəvan siyasətinin müxtəlif vektorları arasında ziddiyyətlər üzərində davranırlar, bu isə İrəvan da revanşist fikirlərin yaranmasına, çağırışların edilməsinə, hansı sa yeni illüziyaların yaranmasına səbəb olur. Lakin onlar bilməlidirlər ki, bunun heç bir nəticəsi olmayacaqdır. Ona görə də ölkə başçı İlham Əliyevin müraciəti təkcə Ermənistan rəhbərliyinə, ictimaiyyətinə deyil, həm də birbaşa üçüncü ölkələrə ünvanlanımışdı. Cənab İlham Əliyevin çıxışından bu cümləni bir daha xatırlatmaq yerinə düşər: “Əgər kimsə – minlərlə kilometr uzaqda yerləşən ölkələrin rəhbərləri bu regionda müəyyən nəticələr əldə etmək istəyirlərsə, qoy bizimlə danışsınlar”. Bu ifadə Cənubi Qafqazda yaradılmış yeni reallığın bütün mahiyyətini ehtiva edir. Cənubi Qafqazda əsas qüvvəyə, siyasi, iqtisadi və hərbi gücə çevrilən Azərbaycandır. Ermənistan rəhbərliyinin artıq bunu dərk etməsini münasibətlərin normallaşması istiqamətində atdığı addımlar sübut edir ki, bu da sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin davam etdiyini nümayiş etdirir. Paşinyan bu prosesin Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşına çevrildiyini təkrarlamaqdan yorulmur. Onun sözlərinə qulaq assanız, vətəndaşlarına sadə bir şeyi başa salmaq məqsədi güdürlər - sərhəd delimitasiya olunmamışdı, çünki İrəvan Qarabağın işğalına görə özü Azərbaycanın dövlət sərhədini tanımırdı. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, əgər Ermənistan bizim şərtlərimizə əməl etməsə, delimitasiya və demarkasiya prosesinə maneə olsa o zaman Azərbaycan dövlətin sərhədini özü müəyyən edəcəkdir. Hazırda Paşinyan öz xalqına başa salmağa çalışır ki, başlanmış delimitasiya prosesi hadisələrin belə gedişini istisna edir, ona görə də Ermənistanın suverenliyini möhkəmləndirir. Nəticədə belə çıxır ki, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi Ermənistanın suverenliyinin möhkəmlənməsinə, ümumilikdə bütün Cənubi Qafqazın beynəlxalq subyektivliyinin artmasına gətirib çıxarır. Özlərini qlobal hesab edən bəzi üçüncü ölkələr bu reallığı qəbul etməkdə çox çətinlik çəkirlər. Bizim vəzifəmiz onlara dönə-dönə başa salmaqdır ki, bu reallığa müqavimət göstərmək əbəsdir, köhnə nümunələri yeni dünyaya tətbiq etmək səmərəsizdir.
Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova