“Bu gün Azərbaycanın məqsəd təkcə Ermənistanla sülh sazişi imzalamaq deyil, əsas hədəf Cənubi Qafqazda dayanıqlı sülhü təmin edib, bölgəni yüksək risk zonasından çıxarmaqdır. Nə qədər ki, sülh sazişi imzalanmayıb Cənubi Qafqazın təhlükəsizliyinə və kövrək sülhə hər zaman ciddi təhdidlər istisna deyil. Bölgədə sülhü və sabitliyi istəməyən qüvvələr gərginliyin davam etməsi istiqamətində ən müxtəlif təxribatçı hərəkətlərə əl atmaqdadır və biz bunu müşahidə etməkdəyik”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, əgər bölgədə dayınıqlı sülhə sabitliyə və inkişafa nail olmaq istəyiriksə, o zaman ilk növbədə İrəvanla Bakı arasında sülh sazişi imzalanmalıdır. “Sülhün imzalanması ilə bağlı top Ermənistan meydançasındadır. Azərbaycan sülh təkliflərini irəli sürüb və qarşı tərəfin bu şərtləri yerinə yetirməsini gözləyir”, - o qeyd edib.
Deputat təəssüflə qeyd edib ki, erməni tərəfi Bakının bu xoş niyyətinə qarşı hələ də müsbət reaksiya verməyib: “Biz sülh sazişinin imzalanması istiqamətində ciddi addımların atılması əvəzinə, sülhdən yayınma hallarının, gərginliyin davam etdirilməsi məqsədi ilə təxribatların şahidi olmaqdayıq. Yaranmış durumla bağlı dövlət başçısı Şuşada keçirilən Qlobal Media Forumunda öz qəti mövqeyini bir daha ortaya qoyaraq ermənilərə və onun havadarlarına öz ciddi mesajını verdi. Dövlət başçısı bəyan etdi ki, sülhdən yayınma halları heç bir halda erməni tərəfi üçün müsbət nəticə ilə bitməyəcək. Sülh nə qədər tez imzalanarsa bundan həm bütövlükdə Qafqaz bölgəsi, həm də digər qonşu regionlar faydalanacaq. Bu da bölgə ölkələri arasında həm iqtisadi-ticari, həm logistik baxımdan sıx əməkdaşlığa gətirib çıxaracaq ki, bundan da daha çox faydalananlardan biri Ermənistan olacaq. Ermənistan üzləşdiyi təcriddən çıxıb rahat şəkildə Azərbaycan və Türkiyə vasitəsi ilə dünyaya inteqrasiya olunacaq.
İkinci mühüm cəhət isə həm Qarabağda azlıq təşkil edən erməni icması, həm də Ermənistandakı ermənilərin Azərbaycan və digər bölgə ölkələri ilə rahat əlaqəsinə geniş imkanlar yaranacaq. Ona görədə Qarabağda erməni icması öz xoş gələcək həyatlarının təmin olunmasını istəyirlərsə, o zaman Xankəndindəki cinayətkar xuntanın girovluğundan xilas olmaq üçün özlərində cəsarət tapıb, müqavimət göstərib, Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdırlar.
Bir sözlə, sülh ilk növbədə Ermənistan üçün böyük potensial açır və meydanında olan topdan öz milli maraqları üçün faydalanıb yaxşı oyun oynaya bilər. Ən mühüm məqamlardan biri isə Bakının Qarabağdakı azlıqda olan erməni icmasının gələcək təhlükəsizliyinə hər cür təminat verməsidir. Odur ki ermənilər Azərbaycan Prezidentinin Şuşada verdiyi mesajlardan ciddi nəticə çıxarmalıdırlar. Yoxsa kimsə onları üzləşdiyi fəlakətdən xilas edə bilməyəcək. O baxımdan da sülhə ilk növbədə ermənilər özləri qərar verməlidir. Nə Qərb, nə Moskva, nə də Tehran ermənilər əvəzində sülh qərarı verməyəcək. Onlar bölgədə öz maraqlarını təmin etmək üçün ermənilərdən bir vasitə kimi istifadə edirlər. Hesab edirəm ki, bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşündə İrəvan sülhdən yayınmadan əl çəkməli və ortaya Azərbaycanın təklifləri əsasında sülhlə bağlı mövqeyini ortaya qoymalıdır.
Xankəndidəki cinayətkar xunta da bilməlidir ki, onlaırn da sonun az qalıb. Onların bu hərəkətlərinə son qoyulacaq və layiq olduğu cəzaları alacaqlar. Azərbaycan Prezidenti bununla bağlı bu günlərdə Şuşa Qlobal Media Forumunda mövqeyini səsləndirərək bəyan edib ki, Azərbaycana qarşı cinayət törədənləri ermənilər özləri cəzalandırır. Digərləri də öz layiqli cəzasını alacaqlar. Onlar başqalarının əlində alət olub sülhə əngəl yaratmaqdansa, nə qədər gec deyil Azərbaycan Prezidentinin onlara verdiyi amnistiyadan faydalansalar yaxşı olar. Yoxsa gec olacaq. ATƏT Minsk qrupunun yenidən bərpasına cəhdlərə gəldikdə isə deputat qeyd edib ki, Qarabağ problemi tarixin arxivinə qovuşduğundan onun bərpası bir daha mümkün deyil və bununla bağlı Azərbaycan Prezidentinin qəti mövqeyi ortadadır. Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib və artıq gündəlikdə belə bir problem yoxdur. Qarabağda yaşayan azlıq təşkil edən erməni icmasına gəldikdə isə onlar Azərbaycan vətəndaşlarıdır və onların reinteqrasiya prosesi, təhlükəsizliyinin təminatı istiqamətində işlər davam edir”.