Türkiyədə 31 mart bələdiyyə seçkilərinin nəticələri məlum olub.Modern.azxəbər verir ki, şəhər merlərini, rayon başçılarını, yerli şuralarını üzvlərini müəyyən edən seçkilər bir çox özəllikləri ilə yadda qaldı.
Göründüyü kimi, səslərin cəmi AKP ilə müttəfiqi MHP-nin üstünlüyünü tamamlasa da, xüsusi önəm kəsb edən iri şəhərlərdə AKP öz yerini CHP-yə verməli olub.
İstanbuldaAKP-dən olan namizəd Binəli Yıldırımla CHP-nin namizədi Əkrəm İmamoğlu arasında kəskin rəqabət sonda CHP-li namizədin 28 min artıq səslə İstanbul meri seçilməsi ilə nəticələndi. Ölkənin paytaxtı və ikinci ən böyük şəhəriAnkaradaisə CHP-li Mənsur Savaş AKP-li rəqibi Məhmət Özhaseki inamlı şəkildə məğlub edərək, mer seçilib.
İqtisadi böhran İstanbul, Ankara və s. iri şəhərlərdə hakim partiyanın maraqlarına zidd olan amillərdir. Ölkədə inflyasiya 20%-ə, işsizlik isə 11%-ə çatıb.
Xüsusən gənclər arasında işsizlik, onların hər 5-dən 1-nin işsiz qalması narazılığı körükləyən amillərdən sayılır. Türkiyə Statistika İdarəsi son 1 il ərzində ərzaq məhsullarının 30%-ə qədər bahalaşdığını elan edib. Bu situasiya ölkə başçısını ərzaq inflyasiyasına müharibə elan etməyə və ucuzlaşmaya nail olmaq üçün qeyri-ənənəvi addımlar atmağa məcbur etdi.
Seçiöncəsi türk lirəsinin likvidliyini qorumaq barədə hökumətin banklara verdiyi tapşırıq indekslərin 5%-dən çox ucuzlaşmasına daha bir səbəb olmuşdu.
Görünən odur ki, iqtisadi problemlər, ABŞ-la gərginləşən münasibətlər, lirənin dəyərini itirməsi və işsizlik AKP-nin son seçkilərdə ciddi elektorat itkisi ilə üzləşməsinə səbəb olub. Bu fonda Ərdoğanın vaxtilə mer olduğu İstanbul şəhərində partiyasının məğlubiyyəti xüsusilə simvolik hadisə sayılmalıdır.