Azərbaycanda dövlət ali təhsil müəssisələrinin mənfəət vergisinə cəlb olunması nəzərdə tutulmur.
Sabahinfo.Az report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
"Hesablama Palatasının rəyində dövlət ali təhsil müəssisələrinin mənfəət vergisinə cəlb olunmasına toxunulub. Bununla bağlı hökumət tərəfindən məsələ qaldırılmır, Vergi Məcəlləsinə düzəliş nəzərdə tutulmur. Adambaşına maliyyələşmə sahəsində mütərəqqi iş görülüb. Dövlətə məxsus ali təhsil müəssisələri səmərəli çalışır. Amma bu o demək deyil ki, onlar vergiyə cəlb olunmalıdır. Hesab edirəm ki, bəzi ölkələrdəki kimi bu müəssisələr qeyri-kommersiya qurumları kimi fəaliyyət göstərməlidir. Bunların təhsil haqlarından toplanan vəsaitləri ali təhsil müəssisələrinin idarə edilməsi və inkişafına yönəldilməlidir", - deyə nazir vurğulayıb.
S.Şərifov, həmçinin elm sahəsinə ayrılan vəsaitlərin azalmasına münasibət bildirib. Nazir qeyd edib ki, 2 illik ayrılan vəsaitlərdən ehtiyat yaranıb: "Həmçinin, 7-8 ildir ki, latın qrafikası ilə kitablar çap edirdik. Nə vaxtsa bu prosesi dayandırmalıyıq. Digər köklü ixtisarlar yoxdur".