Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədilə qərara alıb ki, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (bundan sonra – "YT Park”) yaradılsın.
Müəyyən edilir ki, "YT Park” innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
"YT Park”a münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir.
Azərbaycan Milli Elmlər Akademiyası "YT Park”ın ərazisində xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görəcək.
"YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində "AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.
"AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – Cəmiyyət) Ümumi Yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət təşkilatına və orqanına həvalə edilir:
Azərbaycan Milli Elmlər Akademiyasına:
Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; "YT Park”ın fəaliyyəti üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun torpaq sahəsinin, onu icarəyə vermək hüququ ilə, Cəmiyyətin istifadəsinə verilməsini iki ay müddətində təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu sərəncamda nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə Cəmiyyətin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etmək; "YT Park”ın fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi-texniki və innovasiya sahələrində əməkdaşlığının təşkili, əlaqələndirilməsi və genişləndirilməsi üçün İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə altı ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; "YT Park”ın fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər görmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; "YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görəcək.