Amnistiya Aktının təsir dairəsinə düşmək istəyənlər çalışırlar ki...

Şübhəsiz ki, qəbul edilmiş Amnistiya Aktı vaxtilə azadlıqdan məhrum edilmiş, indi isə azadlığa qovuşacaq insanların hər birinə və onların yaxınlarına böyük sevinc bəxş edir. Ona görə də ölkənin birinci xanımı tərəfindən atılan bu addım ümumilikdə cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilir.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fəzail Ağamalı ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş Amnistiya Aktının əhəmiyyətini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ulu öndər Heydər Əliyevin humanizm, mərhəmət və xeyirxahlıq prinsipinə söykənən ənənə bu gün də davam edir: "Belə ki, ölkə prezidenti İlham Əliyev tərəfindən ildə bir neçə dəfə əfv sərəncamı imzalanır. Artıq minlərlə insan bu yolla azadlığa qovuşub, cəzaları bağışlanıb və ya yüngülləşdirilib. Çox sevindirici haldır ki, Heydər Əliyev Fondu və onun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva da bu prosesdə fəal iştirak edir. O, artıq 4-dü dəfədir ki, Amnistiya Aktının qəbul olunması təşəbbüsü ilə parlamentə müraciət edib".

F.Ağamalının fikrincə, Amnistiya Aktının qəbul edilməsinin böyük tərbiyəvi ictimai-siyasi tərəfi ilə yanaşı, həm də böyük tərbiyəvi əhəmiyyəti var: "Amnistiya Aktı əfv sərəncamları ilə müqayisədə miqyasına görə daha çox insanı əhatə edir. Təxminən 10 min insanı əhatə edən bu Amnistiya Aktı faktiki olaraq 3500 insanın həbsdən azad olaraq öz ailəsinə, yaxınlarına, cəmiyyətə qovuşduracaq. Bu cür addımlar, təbii ki, cəmiyyət üçün də ciddi mesaj, tərbiyəvi xarakter daşıyan, insanları humanizmə, xeyirxahlığa çağıran bir addımdır.

Fikrimcə, bu Amnistiya Aktının təsir dairəsinə düşmək istəyən, eyni zamanda ölkə prezidentinin əfv sərəncamları ilə azadlığa qovuşmaq istəyən insanlar çalışırlar ki, cəzaçəkmə müəssisələrində qanun çərçivəsində davranış nümayiş etdirsinlər".

Qeyd edək ki, Milli Məclisin mayın 20-də keçirilən plenar iclasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə edilən müraciət müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra amnistiya aktı səsə qoyularaq qəbul edilib.

Ümumilikdə Amnistiya Aktının 10 min nəfəri əhatə edəcəyi gözlənilir. Onlardan 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Xatırladaq ki, bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə 4-cü müraciəti olub.sabahinfo.az