Təhsil xalqın, millətin və cəmiyyətin var olması üçün əsas faktordur. Dövlət büdcəsindən asılı olan bu sahə hər bir ölkə üçün savadlı bir ordu yetişdirir. Bu ordu ilə istər texniki, istərsə də sosial və digər sahələrdə mühüm inqilablar etmək mümkündür. Bir sıra elm adamları təhsilə ayrılan vəsaitin gələcək üçün ən böyük sərmayyə ehsab edirlər. Təsadüfi deyil ki, Azərbaycanda da təhsil məcburidir. Ailədə yaşı 7 olanlar məktəbə ilk qədəmlərini atmış olur. Təhsildə edilən yeniliklərə görə, hətta məktəbəqədər hazırlıq dərnəkləri də fəaliyyət göstərir ki, bu da yenicə məktəb kolidorlarında addımlayan şagirdin bilik və bacarıqlarının formalaşmasında özünü daha qabarıq şəkildə büruzə edir.
İlk öncə onu
qeyd edək ki, Azərbaycanda təhsilin inkişaf etdirilməsi dövlətin prioritet
hesab etdiyi sahələrdəndir. Hər il cənab Prezident İlham Əliyev təhsil müəssisələrində
yenidənqurma və müasir standartlara cavab verən texnologiyaların tətbiqi ilə
bağlı müəyyən sənədlər imzalayır və bu yöndə davamlı addımlar atılır. Heydər Əliyev
Fondunun bu sahəyə diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar kənd məktəbində
belə təhsil ocaqları təmir olunub, müasir avadanlıqlarla təmin ediliblər. Təsadüfi
deyil ki, 2019-cu il dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2 milyard
275 milyon manatdır. Bu isə ötən illərlə müqaisədə olduqca yüksək məbləğdir.
Belə ki, 2018-ci ildə dövlət büdcəsinin
təhsil sektoru üzrə xərcləri 2 milyard 44 milyon manat, 2017-ci ildə isə bu
göstərici 2 milyard manat civarında olub.
Göründüyü kimi 2019-cu ilin təhsil cari ilə nisbətən 231 milyon manat
və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri
tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir. Təhsilə qoyulan sərmayə bu
sahənin ayrı-ayrı sektorlarında da özünü aydın hiss etdirməkdədir.
Təhsil
sosial sahə olduğundan orada baş verənlər barədə mətbuat, ictimaiyyət daha tez
məlumat əldə edir. Elə bu sətirlərin müəllifi də mətbuatda dəfələrdə təhsildəki
problemlərdən - "fond pulu”, "süpürgə
pulu”, "müəllimlərə hədiyyə” və s. mövzulardan dəfələrlə yazıb. Ən ciddi
problemlərdən biri isə, şübhəsiz, müəllim olmaq istəyən şəxslərin get-gələ
salınması, əyri yollarla işə götürülməsi, saxta diplomlu şəxslərə "müəllim”
adının verilməsi, dərs saatlarını məktəb rəhbərliyi tərəfindən ədalətsiz bölüşdürülməsilə
bağlı idi. Bütün bu problemlərə baxmayaraq, Azərbaycan ailəsi övladları təhsildən
yayındırmayıblar. Valideylər min bir əziyyətlə qazandıqları pulu övladlarının təhsilinə
xərcləməyi əsirgəməyiblər.
Sevindirici
haldır ki, son illər təhsildəki nöqsanlarla bağlı mətbuata gedən yazılara
aidiyyəti-dövlət qurumları reaksiya verməyə başlayıblar, qüsurların aradan
qaldırılması istiqamətinə addım atmağa başlayıblar.
Son illər
müəllimlərin işə qəbulu ilə bağlı problemlər demək olar ki, həll olunub. Söhbət
qəbul qaydalarının elektronlaşdırılmasından gedir.
Həmsöhbətimiz
Mais Əliyev deyir ki, o, Azərbaycan Pedoqoji Universitetinin Fizika müəllimliyi
fakültəsini bitirib: "Yaşadığım rayonda yaxın orta məktəblərin birində işləmək
istədim. Məni get-gələ saldılar. Tələbləri mənə gülməli gəlirdi. Mən 4 il müəllimlik
təhsili almışam ki, kimlərinsə maddi maraqlarını təmin edərək müəllim işləyib?
Xöşbəxtlikdən, Təhsil Nazirliyi müəllimlərin işə qəbulunu test üsulu ilə etdi.
İmtahan verib yaxınlıqdakı məktəbə düşdüm. Artıq 4-cü ildir ki, müəllim işləyirəm”.
M.Əliyev
müəllimlərin diaqnostik qiymətləndirməsindən keçdiyini və bunun maaşına təsir
göstərdiyini bildirdi: "Əslində diaqnostik qiymətləndirmə sistemi gənc müəllimlərin
inkişafı üçün böyük töhfədir və məktəb rəhbərliyi tərəfindən
sıxışdırılmağımızın, dərslərimizin əlimizdən alınmasının qarşısını alır”.
Xatırladaq
ki, təhsil sektorunda islahatların aparılması "Açıq hökumətin təşviqinə dair
2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da nəzərdə tutulurdu. Bu fəaliyyət
proqramı üzrə nəzərdə tutulan işlər uğurla həyata keçirilib. Artıq təhsil
sistemində neqativ hallar demək olar ki, aradan qaldırılıb.
Buna
misal olaraq Milli Fəaliyyət Planında yer alan ali təhsil müəssisələrinin
informasiya sistemlərinin formalaşdırılması, tələbələrə verilən arayış və sənədlərin
elektron formada əldə edilməsi və təhsil haqlarının elektron formada ödənilməni
göstərmək olar.
Məktəbəqədər
təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmətin yaradılması
və ümumtəhsil məktəbləri, lisey, gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu
sisteminin əhatəsinin genişləndirilməsi də uğurla həyata keçirilən işlər
sırasındadır.
Təhsilin
Azərbaycan modeli
Bu gün
Azərbaycan təhsilinin qarşısında duran əsas problemlərdən biri şagirdləri
milli-mənəvi dəyərlərə yiyələnmiş bir şəxsiyyət kimi formalaşdırmaqdır. Şagirdlərin
mənəvi tərbiyəsinin cəmiyyətin həmişə diqqət mərkəzində olub. Təhsilin əsas vəzifəsi
sağlam düşüncəli nəsillər formalaşdırmaqdır. Tədrisin keyfiyyətcə yaxşılaşdırılması nə qədər
vacibdirsə, şagirdlərin şəxsiyyət kimi formalaşması, həmçinin təlim-tərbiyə məsələləri
bir o qədər önəmlidir.
1999-cu
ildə Heydər Əliyevin imzaladığı fərmanla qüvvəyə minən "Dövlət gənclər siyasəti
haqqında” qanun gələcək nəslin inkişafına göstərilən qayğını ifadə edir. "Dövlət
gənclər siyasəti haqqında” qanun çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi,
sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin
həlli, hüquqların müdafiəsi, ölkənin ictimai-siyasi və mədəni həyatında
iştirakı ilə bağlı məsələləri əhatə edir.
2005-ci
ildə prezident İlham Əliyev tərəfindən
"Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalanıb. Proqrama
gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin
profilaktikası, gənclərin sağlamlığının qorunması sahələrində tədbirlərin həyata
keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin
ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların
formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.
Azərbaycanda
keçirilən beynəlxalq sviyyəli idman yarışlarında şagird və tələbələrin iştirakı
təmin edilib. Eyni zamanda şagird və tələbələr arasında mütəmadi olaraq idman
yarışları keçirilir.
Xaricə pul axını
Azərbaycanda
aparılan təhsil islahatlarından biri də hər istəyənə ali təhsil almaq hüququ
verməkdir. Təhsil hər kəs üçün əlçatan olmalıdır. Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu
olan hər kəsə bu imkan yaradılır. "Bilik iqtisadiyyatı”nın vacib elementlərindən
olan pullu təhsil hər kəs üçün əlçatan olmalıdır. Onsuz da Azərbaycanda
imtahanda lazım olan balı toplaya bilməyən imkanlı abituriyentlər dünyanın ən
inkişaf etmiş ölkələrində pullu təhsil ala bilirlər. Bununla da hər il ölkədən
külli miqdarda vəasit xarici təhsil ocaqlarının büdcəsinə axır. Dövlət İmtahan
Mərkəzinin sədri Məleykə Abbaszadənin qeyd etdiyi kimi: "Belə formada asan
ali təhsil əldə etmək üsulundan valideynlər daha çox yararlanırlar. Bu da
hardasa "əldəqayırma diplom" əldə etmək sevdasından irəli gəlir.
Halbuki belə diplomlar vaxtilə Moskvada metroda da satılırdı. Övladını təhsil
üçün xaricə göndərən valideyn ilk növbədə keyfiyyətə üstünlük verməlidir.
Valideyn bilirsə ki, onun övladı orta məktəbi güc bəla ilə bitirib bizim təşkil
etdiyimiz imtahanlarda nəticə göstərə bilmir və oxumağa meyilli deyil, ancaq
onun dünya görüşünün artması üçün xaricə göndərirsə, bu, onun öz seçimidir. Xaricə gedib o qədər maliyyə vəsaiti verənə qədər
ölkədə fəaliyyət göstərən özəl ali təhsil müəssisələrində təhsil almaq olar”.
Azərbaycan
dövləti xaricdə təhsil proqramlarına nə qədər dəstək versə də, bununla bağlı
narahatlıqlar daim səsləndirilib. Narahatlıqlar baş verən beyin axını, gənclərin
xaricdə yad ideologiyaların təsiri altına düşməsi və maliyyə vəsaitinin xaricə
axması ilə bağlıdır.
Eyni
zamanda son illər Azərbaycanın ali təhsil sistemində də böyük dəyişikliklər baş
verib. Ölkədə beynəlxalq standartlara cavab verən ali təhsil ocaqları, bir sıra
xarici təhsil müəssisələrinin filialları açılıb. Özəl və dövlət ali təhsil müəssisələrinin
tərkibində yerli və xarici mütəxəssislər, professorlar tədrisə cəlb edilib.
Aparılan
təhlillər göstərdi ki, Azərbaycanın ali təhsil ocaqlarında verilən tədrisin
keyfiyyəti heç də xaricdəki tədrisin keyfiyyətindən geri qalmır. Həmçinin
universitetlərimizin xarici professorları, alim və müəllimləri təhsil ocağına dəvət
etmək imkanları var. Belə olan halda haqlı sual yaranır. Dövlət nə üçün əlavə xərc
çəkib xaricdə təhsil proqramını maliyyələşdirməlidir?
Bir sözlə,
ölkədə həyata keçirilən proqramlar uşaq və gənclərin mənəvi psixoloji inkişafı
üçün yeni imkanlar açır. Bu da onların pis vərdişlərdən uzaq olmalarında, ölkənin
uğurlu gələcəyi üçün layiqli vətəndaş kimi yetişmələrində mühüm rol oynayır.
Yuxarıda
sadalanan bütün faktlar Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu göstərir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.