ATƏT-in Minsk Qrupunun Fəaliyyətinin İflası və Azərbaycanın Diplomatik Qələbəsi 

Pərvin Kərimzadə,

millət vəkili

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən sakinlərlə görüşündə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı fikirlərini bölüşdü. Dövlət başçısı çıxışı zamanı keçmiş münaqişənin mahiyyəti, Ermənistan tərəfindən törədilmiş vandalizm aktları, eləcə də beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçı siyasətinə münasibətdə sərgilədiyi qeyri-adekvat mövqe ilə bağlı bir sıra mühüm məqamlara toxunmuşdur. Cənab Prezident, eyni zamanda, həmin dövrdə fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu barədə mövqeyini ifadə etmişdir. ATƏT-in Minsk qrupu 1992-ci ildə keçmiş Qarabağ münaqişəsinin həllinin nizamlanması məqsədilə yaradılsa da, əslində ermənipərəst mövqe nümayiş etdirib. Qrupun həmsədrləri olan Rusiya, Fransa və ABŞ o vaxtkı status kvonu qoruyub saxlamağa və Azərbaycanı işğal faktı ilə barışdırmağa çalışırdı. Bütün bunlara görə, Azərbaycan dövləti və xalqı Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən heç vaxt razı qalmayıb. Quruma həmsədrlik etmiş ölkələr dünyanın ən böyük dövlətləri sırasında yer alır. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, 30 ilə yaxın müddətdə Ermənistan qoşunlarının ölkəmizdən çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etmədilər. Həmsədr dövlətlərin Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı, amma bunu etmədilər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görmədilər. Əksinə, Azərbaycan cəmiyyəti çox zaman həmsədrlərin bəyanatlarının erməni tərəfinin maraqlarına uyğun olmasından narahatlığını ifadə edib. Buna görə də Azərbaycan dövləti öz gücünə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Prezident İlham Əliyev tərəfindən Minsk qrupunun səmərəsiz fəaliyyəti dəfələrlə səsləndirilib, onların məsələlərlə birtərəfli yanaşması ikili standartlar kimi ifşa edilərək tənqid olunub. Biz xatırlayırıq ki, 44 günlük müharibədən sonra həmsədrlər Azərbaycana səfərə gələrkən dövlətimizin başçısı artıq onlara heç bir ehtiyacın qalmadığını göstərdi. Bu, həmsədrlərin ölkəmizə son səfəri oldu. Cənab Prezident Zəngilanda çıxışı zamanı da Minsk qrupu haqqında bu fikirləri söylədi: “İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”.

ATƏT-in Minsk qrupunun ləğv edilməsi sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtindən biri idi. Prezident İlham Əliyev bununla bağlı pinsipial mövqeyini dəfələrlə bəyan etmişdi. Rəsmi İrəvan ilk vaxtlarda bu şərti yerinə yetirmək istəməsə də, sonda reallıqları qəbul etməli oldu. Çünki qalib və haqlı tərəf məhz Azərbaycandır. Azərbaycan Prezidenti və Ermənistan baş naziri ABŞ Prezidentinin iştirakı ilə ötən il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü zamanı Minsk qrupunun ləğvi barədə razılığa gəldilər. Bu razılıq çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanladılar. Sentyabrın 1-də isə ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Buna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilib. Bununla da, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən təsisatın münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib. Rəsmi Bakının mövqeyi belədir ki, bu qərarın qəbulu vaxtilə işğal edilmiş ərazilərimizin azad olunması və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisidir. Eyni zamanda, bu, 8 avqust tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.

ATƏT-in Minsk qrupunun ləğv olunması Azərbaycan dövlətinin çox mühüm diplomatik qə