Bu gün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi hərrac keçirib.
Komitədən verilən məlumata görə, hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib.
Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, eləcə də 8-i nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, 8 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Belə ki, adıçəkilən əmlak 350 min 200 manata özəlləşdirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Nəsimi və Qaradağ rayonlarında, 1-i Sumqayıt şəhərində, 2-si isə regionlarda müvafiq olaraq Yevlax və Quba rayonlarında yerləşir.
Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif edən iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.