Bu gün Azərbaycan Hökuməti ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində 2016-cı il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramının "Texniki Əməkdaşlıq Mexanizmi Proqramı”nın maliyyələşdirmə sazişi imzalanıb.
İqtisadiyyat Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, sənədi Azərbaycan Hökuməti adından İqtisadiyyat naziri Şahin Mustafayev imzalayıb.
Sazişin məqsədi ölkədə iqtisadiyyat, maliyyə və məhkəmə idarəçiliyi sahələrində həyata keçirilən islahatlara dəstək göstərməkdir. Proqram çərçivəsində ixracın təşviq olunması, KOS-ların inkişafı, dövlət maliyyəsinin idarə olunması, əmək bazarı, standartlar sisteminin müasirləşdirilməsi, statistika sahəsinin inkişafı, vətəndaşlara hüquqi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçiriləcək. Proqramın icrası üçün 13,5 mln. avro məbləğində vəsait ayrılacaq.
Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Aİ ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%-dir. Azərbaycanda əsas kapitala yönəlmiş investisiyaların ümumi həcmində Avropa İttifaqı ölkələrinin payı son 10 ildə 46%, qeyri-neft sektoruna birbaşa investisiyalarda isə 35%-dir. Aİ ölkələrinin Azərbaycanda 1300-dən çox şirkəti fəaliyyət göstərir. Aİ ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX, Büdcəyə dəstək və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir.