Azərbaycanlı diplomatdan erməni təxribatına tutarlı cavab

"Nyu-York Tayms" qəzetində Azərbaycan diplomatının erməni təxribatına cavabı dərc edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən xəbərə görə, "Nyu-York Tayms" qəzetinin səyahətlər bölməsində bir neçə həftə öncə yerləşdirilmiş "A Warm Welcome in the Caucasus Mountains” adlı Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatçı qondarma qurumu təbliğ etməyə cəhd edən məqaləyə Azərbaycan Respublikasının Vaşınqtondakı Səfirliyinin müşaviri Məmməd Talıbovun cavabı dərc olunub.

"Displacement in Azerbaijan” başlığı altında çap olunan cavabda (http://www.nytimes.com/2015/05/17/travel/letters-to-the-travel-editor.html?_r=0 ) yuxarıda qeyd olunan parçada müəllifin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı və bunun nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının doğma evlərindən didərgin düşmələri barədə məlumatın oxucuların diqqətinə çatdırmadığı bildirilir. Qeyd olunur ki, müəllif oxuculara işğal olunmuş bu ərazilərə səfər etməklə Azərbaycan qanunvericiliyini pozmuş olacaqları və ölkəmizə gələcəkdə səfər etmək imkanından məhrum ediləcəkləri barədə heç bir məlumat vermir, həmçinin o, bir çox ölkələrin rəsmi qurumları, o cümlədən ABŞ Dövlət Departamenti tərəfindən bu ərazilərə qeyri-qanuni səfərlərə qadağa qoyulduğu barədə susur.

Bildirilir ki, Azərbaycan bütün məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasına və gələcəkdə turistlərin Azərbaycanın bu gözəl quşəsinə səfər etmələrinin mümkün olması üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti davam edir.