"Debitor borcu olan qazanxanalara təbii qaz verilməyəcək”.
"Cari ilin 9 ayı ərzində "Azəristiliktəchizat” ASC-nin "Azəriqaz” İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 milyon 416 min manat həcmində debitor borcu yaranıb”.
sabahinfo.Az xəbər verir ki, bu sözləri APA-ya "Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
Qurum rəsmisi deyib ki, "Azəristiliktəchizat” ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir.
Debitor borcun artmasının qış mövsümündə qazanxanalara təbii qazın verilişinə necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran İ.Kərbəlayev deyib ki, debitor borcu olan qazanxanalara təbii qaz verilməyəcək: "Bizdə olan məlumata görə, respublika üzrə "Azəristiliktəchizat” ASC-nin 510 aktiv qazanxanası mövcuddur.
Payız-qış mövsümü başlayan zaman ilk növbədə debitor borcu olmayan qazanxanalara təbii qazın verilişi həyata keçiriləcək. Biz bu məsələ ilə bağlı dəfələrlə "Azəristiliktəchizat” ASC-yə yazılı müraciət etmişik. Lakin bir ortaq məxrəcə gəlmək mümkün olmur”.
O əlavə edib ki, İB payız-qış mövsümündə əhalinin fasiləsiz şəkildə təbii qazla təmin olunması üçün bütün zəruri tədbirləri görüb: "Payız-qış mövsümü ilə əlaqədar respublika üzrə 7211 km qaz xətti quraşdırılıb, 321 km qaz xətti əsaslı təmir olunub.
Qəza hadisələri istisna olmaqla əhali hətta qarlı-şaxtalı günlərdə də təbii qazla fasiləsiz, tələbata uyğun şəkildə təmin olunacaq. Bu məsələ qurum rəhbərliyinin birbaşa nəzarətinə götürülüb”.