"Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin (KBML) Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsinə təşkilati və əməliyyat dəstəyi təmin edilib”.
sabahinfo.Az xəbər verir ki, bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri Rüfət Aslanlı bu gün Dünya Bankı və Maliyyə Palatası, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən dəstəklənən KBML-nin nəticələrini müzakirə etmək üçün təşkil edilən konfransda çıxışı zamanı deyib.
"Bu layihə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dair dövlət proqramının icrasını dəstəkləmiş, ən müasir hüquqi və əməliyyat infrastrukturunun yaradılmasına və bazarın potensialının gücləndirilməsinə mühüm töhfə vermişdir”, - deyə R.Aslanlı bildirib.
Öz növbəsində, Dünya Bankının maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Berhnd deyib ki, kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması və xarici birbaşa investisiyaların artımı Azərbaycanda qeyri-neft sektorunun inkişafı və müasirləşməsi üçün çox vacibdir. Kapital bazarı yerli və xarici investisiyaların səfərbər olunması üçün əsas alətlərdən biridir, amma o cəmləşdirilmiş səyləri və düzgün zamanda keçirilən kompleks islahatları tələb edir.
"KBML maliyyə sektorunun şaxələndirilməsi üçün tələb olunan islahatlar paketini və qeyri-neft sektorunda fəaliyyət göstərən Azərbaycan şirkətləri üçün alternativ maliyyə mexanizmlərinə asan çıxışı dəstəkləyib. Biz inanırıq ki, layihənin təsirləri informasiya xarakterli və uzun müddətli olacaq”, - Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi və layihə qrupunun rəhbəri Anjela Priqojina belə deyib.
Qeyd edək ki, layihə17 mart 2011-ci ildə Dünya Bankının ayırdığı 12 milyon ABŞ dolları məbləğində kredit və SECO trast fondunun 1,6 milyon dollar həcmində əlavə qrantı ilə təsdiqlənib. Layihə 1 iyul 2016-ci ildə başa çatıb.