"Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisi artdıqca ona qarşı basqılar da artmaqdadır”. Bunu SİA-ya millət vəkili Bəxtiyar Əliyev deyib.
Onun sözlərinə görə, bir sıra dövlətlərdə olan siyasi dairələr, hərbi sənaye kompleksinin, biznes strukturlarının nümayəndələri Azərbaycana rahat pul qazanmaq yeri kimi baxırlar: "Çünki Azərbaycanda olan iqtisadi yüksəliş, bazar münasibətlərinin sürətli inkişafı biznes üçün cəlbedici olmaqla yanaşı, faydalı və səmərəlidir. Amma, Azərbaycan çirkli pulların yuyulmasına qətiyyən imkan vermir. Bununla ciddi mübarizə aparır. Eyni zamanda korrupsiyaya qarşı mübarizədə sərt mövqe ortaya qoyur. Azərbaycan heç bir siyasi dairənin, qruplaşmanın diktəsi ilə nə öz siyasətini qurmur, nə də tutduğu hüquqi, demokratik dövlət quruculuğu yolundan çəkilmir. Azərbaycanın bu mövqeyi bəzi çirkin maraqları olan dairələri narahat edir. Onlar da öz dövlətlərinə təsir rıçaqlarına malikdirlər və bu təsir özünü belə hallarda göstərir”.
B.Əliyev bildirib ki, ABŞ Dövlət Katibi Con Kerrinin Azərbaycana olan münasibəti ilə bağlı mətbuatda kifayət qədər məlumat var: "Onun Azərbaycana münasibəti ABŞ nümayəndə heyəti tərkibində SSRİ-yə etdiyi səfərlər zamanı məlum olub. Eyni zamanda 90-cı illərdə ABŞ Konqresində Azərbaycana qarşı bəzi ədalətsiz qətnamələr qəbul edilmişdi. SSRİ dönəmində qəbul olunan belə qətnamələr bu imperiyanı dağıtmaq üçün bir faktor idi. Bu başa düşüləndir. Amma, real tarixi faktları saxtalaşdırmaq, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, azərbaycanlıları soyqırıma məruz qoymasına göz yummaq və hadisələrin inkişafına başqa istiqamət vermək qətiyyən ABŞ-da olan dairələrə başucalığı gətirmir. Hesab edirəm ki, belə amillər ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərinə müsbət təsir göstərmir. Əminəm ki, Azərbaycanın uğurlu, praqmatik siyasəti imkan verəcək ki, ABŞ və digər ölkələrlə öz siyasətini yüksək səviyyədə qursun”.