Beynəlxalq Bankla bağlı yeni komissiya yaradıldı - QƏRAR

Nazirlər Kabineti "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti  Bank olmayan  Kredit Təşkilatı tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar verib.

 

APA-nın məlumatına görə, qərarda qeyd edilib ki, "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı  tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilən daşınar və daşınmaz əmlakların  satılması və kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edilməsi məqsədi ilə Müsabiqə Komissiyası  yaradılsın.

 

Müsabiqə Komissiyasının sədri maliyyə nazirinin  müavini Azər Bayramov,  Komissiyanın üzvləri  İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal şöbəsinin müdir müavini Bayram Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsi  müdirinin müavini, daxili audit sektorunun müdiri Mehman Səfərov,  Əmlak  Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin böyük məsləhətçisi Tehran Mehdiyev və  "Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini Cahangir Kərimov təyin ediliblər. Nazirlər Kabineti "Aqrarkredit” QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə yaradılmış Müsabiqə Komissiyasının fəaliyyət Qaydası”nı da təsdiq edib. Qaydada qeyd edilib ki, Müsabiqə Komissiyası öz fəaliyyətində Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Qaydanı rəhbər tutur. Müsabiqə Komissiyasının kargüzarlığının, təsərrüfat işlərinin və fəaliyyəti ilə bağlı digər işlərinin təşkili "Aqrarkredit” QSC tərəfindən həyata keçirilir. Müsabiqə Komissiyası üzvlərinin sayı 5 nəfərdən ibarətdir. Komissiya üzvləri ictimai (əvəzi ödənilmədən) əsaslarla fəaliyyət göstərir. Müsabiqə Komissiyası "Aqrarkredit” QSC tərəfindən hazırlanmış əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi ilə bağlı müvafiq təklifləri və ona əlavə olunmuş aşağıdakı sənədləri müzakirə edərək qərarlar qəbul edir:

 

- əmlakların ilkin satış qiyməti barədə əsaslandırılmış təklif və onun barəsində müstəqil qiymətləndiricinin rəyini;

 

- əmlakların açıq hərraclarda satışı məqsədi ilə ixtisaslaşdırılmış təşkilatların seçilməsi, əmlakın kənar idarəçilərə idarəetməyə verilməsinin üsulları (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtləri, tələbləri və müddəti barədə əsaslandırılmış təklif və qərar layihəsini;

 

- əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar layihəsini;

 

- hər bir əmlakın satışı və ya idarəetməyə verilməsi üzrə tələb olunan məlumatları, o cümlədən, əmlakın tərkibinə dair siyahını, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri;

 

- hər bir əmlak üzrə həmin əmlakın əldə edilməsini rəsmiləşdirən sənəd əlavə olunmaqla, onun satılması və ya idarəetməyə verilməsi barədə əsaslandırılmış təklif və qərar layihəsini.

 

Müsabiqə Komissiyasının iclaslarının gündəliyi və növbəliliyi "Aqrarkredit” QSC tərəfindən hazırlanır və Komissiyanın sədri ilə razılaşdırılır. Müsabiqə Komissiyası üzvlərinin azı 4 üzvü iclasda iştirak etdikdə, Komissiya qərar qəbul etmək hüququna malik olur. Komissiyanın qərarları açıq səsvermə və iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Müsabiqə Komissiyasının sədrinin səsi həlledici hesab olunur. Müsabiqə Komissiyasının qərarı iclasda iştirak edən bütün Komissiya üzvləri tərəfindən imzalanır. Qərarla razı olmayan komissiya üzvü öz imzası qarşısında qeyd etməklə, xüsusi rəyini qərara əlavə edir. Müsabiqə Komissiyasının sədri Müsabiqə Komissiyasının fəaliyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə hesabat təqdim edir. Müsabiqə Komissiyasına tapşırılıb ki, "Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifləri əsasında əmlakların satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul etsin, satılmasına dair qərar qəbul edilmiş hər bir əmlak üzrə seçilmiş nüfuzlu müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, ilkin satış qiyməti barədə müvafiq qərar qəbul etsin. Eyni zamanda Müsabiqə Komissiyasına  əmlakların açıq hərraclarda satışı məqsədi ilə ixtisaslaşdırılmış təşkilatların seçilməsini təmin etmək, əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini müəyyən etmək, əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə  qərar qəbul etmək tapşırılıb. Müsabiqə Komissiyası ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı "Aqrarkredit” QSC-nin məlumatlarına da baxmalı və tövsiyələrini verməlidir.

 

"Aqrarkredit” QSC-yə isə tapşırılıb ki, əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi məqsədi ilə hazırlıq işləri aparsın, həmin əmlakın qiymətləndirilməsi və satışı üçün müstəqil qiymətləndirici, ekspert, əmlakın növündən və mürəkkəbliyindən asılı olaraq isə kənar məsləhətçi cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirsin, hər bir əmlakın satışı üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibi, vəziyyəti, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri Müsabiqə Komissiyasına təqdim etsin, ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı mütəmadi olaraq Müsabiqə Komissiyasına məlumat versin. "Aqrarkredit” QSCəmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan hüquqmüəyyənedici sənədlərin hazırlanmasını təmin etmək, zərurət yarandıqda, bu məqsədlə kənar hüquq məsləhətçilərini cəlb etmək, Müsabiqə Komissiyasının iclaslarının çağırılmasını və keçirilməsini təşkil etmək, iclasların nəticələrinin rəsmiləşdirilməsinə dair katiblik funksiyalarını həyata keçirmək tapşırılıb. Müsabiqə Komissiyasına və "Aqrarkredit” QSC-yə tapşırılıb ki, bu qərardan irəli gələn məsələləri həll etsin və ildə bir dəfə görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsin.