Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşüb.
Qazaxıstan parlamenti Senatının sədrini ölkəmizdə salamlayan Azərbaycanın birinci xanımı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd etdi. Bildirdi ki, belə mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın sivilizasiyalararası dialoq sahəsində fəaliyyətinə verilən dəyərin nəticəsidir.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırıldı.