Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair referendumdan sonra Aİ ölkələri ilk dəfə bu mühüm üzv dövlətin iştirakı olmadan Bratislava şəhərində xüsusi toplantı keçiriblər. Zirvə toplantısında əsas mövzular sırasında "Brexit"dən sonra Avropa İttifaqının siyasi və iqtisadi gələcəyi, cari qaçqın böhranı və vətəndaşlarda bu quruma qarşı etimadın bərpa olunması üçün yolların tapılması dayanıb.
sabahinfo.Az AZƏRTAC-a istinadən bildirir ki, zirvə toplantısının yekununda islahatlar üçün yol xəritəsi qəbul olunsa da, bir sıra həssas mövzulardan yan keçilib. Belə ki, birgə yekun bəyannamədə qaçqın problemindən bəhs olunmağına baxmayaraq, mühacirlərin üzv ölkələr arasında bölünməsi üçün işlək mexanizmin hazırlanması kimi ciddi məsələyə toxunulmayıb.
Avropaya qaçqın axınından əziyyət çəkən İtaliya və Macarıstanın baş nazirləri sammitin nəticələrini tənqid edərək, irəliyə doğru atılan addımın çox kiçik olduğunu bildiriblər. Macarıstanın Baş naziri Viktor Orban Bratislava sammitini Brüsselin miqrasiya siyasətini dəyişməyə müyəssər olmayan uğursuz bir tədbir kimi səciyyələndirib.
Sammitdə qəbul olunmuş "yol xəritəsi"ndə Avropa İttifaqının xarici sərhədlərini daha yaxşı mühafizə etmək, qeyri-qanuni miqrasiyaya nəzarəti gücləndirmək, Türkiyə ilə qaçqınlarla əlaqədar paktın icra edilməsini təmin etmək, daxili və xarici təhlükəsizliyi möhkəmləndirmək və yeni iş yerlərinin yaradılması kimi bir sıra ümumiləşdirilmiş layihələr yer alır. Həmçinin Bolqarıstanın Türkiyə ilə sərhədlərinin mühafizəsini gücləndirmək üçün bu ölkəyə 200 sərhədçi, 50 nəqliyyat vasitəsi olmaqla, 160 milyon avro vəsait ayrılması nəzərdə tutulub.
Sammitdə qəbul edilmiş qərarların ilkin nəticələri gələn ilin martında "Roma müqaviləsi"nin bağlanmasının 60 illik yubileyi münasibətilə keçiriləcək tədbirlər çərçivəsində təqdim olunacaq.