Çində Leyla Əliyevanın ideya müəllifliyi ilə hazırlanan və tolerantlıq mühitindən bəhs edən film nümayiş olunub

Çində bu ölkənin Ticarət Nazirliyinin, Azərbaycan Təhsil Nazirliyinin və Çinin Ninqbo Politexnik Universitetinin (NPU) birgə təşkilatçılığı ilə "Bir cığır, bir yol üzərində inkişaf etməkdə olan ölkələrdən müəllimlər üçün seminar” (Seminar for Teachers from developing Countries along the One Belt One road) təşkil olunub.

sabahinfo.az-ın Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinə istinadən məlumatına görə,  Azərbaycan, Özbəkistan, Gürcüstan, Nigeriya, Panama və Misirdən nümayəndələrin iştirak etdiyi seminara Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Abbasova da qatılıb. 

Kafedra müdiri Ningbo Politexnik, Renmin  və Pekin  Xarici Dillər universitetlərində Azərbaycanla bağlı təqdimatda "Multikulturalizm Azərbaycanda həyat tərzi” adlı mühazirəylə çıxış edib.  

Azərbaycanın Pekindəki səfirliyinin dəstəyi ilə təşkil olunan mühazirənin məqsədi qədim sivilizasiya məkanlarından olan Çin ictimaiyyətini Azərbaycanın multikulturalizm mühiti, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti haqqında məlumatlandırmaq, iki ölkənin müvafiq sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.

Mühazirə zamanı qeyd olunub ki, multikulturalizm hazırda Azərbaycanda alternativi olmayan həyat tərzidir: 

"Müxtəlif dinlərə və fərqli etnik mənşəyə  mənsub insanların dinc şəraitdə birgə yaşamaları,etnik və mədəni müxtəliflik multikulturalizmin Azərbaycan modelinin üstün cəhətidir. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti kimi əsası Ulu öndər Heydər Əliyev tərəfindən  qoyulub. 

Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezidentin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili”  elan olunması bunun  bariz nümunəsidir”.

Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifliyi ilə hazırlanan və Azərbaycandakı tolerantlıq mühitindən bəhs edən film nümayiş olunub, müəllim və tələbələrin sualları cavablandırılıb.