Deputat AŞPA-ya səsləndi - İşğalçı ermənilərlə bağlı

Qənirə Paşayeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin ölkəmiz üzrə yeni həmməruzəçisi Stefan Şennakla görüşüb.

Sabahinfo.az xəbər verir ki, millət vəkili S.Şennakı ön cəbhədə işğalçı ermənilərin mülki azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərə etirazını bildirməyə, məsələni məruzəçi kimi AŞPA-da qaldırmağa, AŞPA qətnamələrinin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq edilməsini qurumda tələb etməyə çağırıb.

Q.Paşayeva cəbhəboyu bölgələrdə baş verən son hadisələr haqqında AŞPA həmməruzəçisinə ətraflı məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan bölgələrində qurduqları mövqelərdən ön cəbhədə yerləşən kəndlərimizi iri çaplı silahlardan və ağır texnikalardan mülki vətəndaşların yaşadığı əraziləri atəşə tutub və bunun nəticəsi olaraq işğalçıya layiqli cavab verilib:

"Cəbhə bölgəsində yaşayan mülki vətəndaşlar, yaşlı insanlar və uşaqlar sizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini istiqamətində çalışmalar gözləyirlər. Biz sizi bu istiqamətdə Azərbaycan üzrə həmməruzəçi olaraq səylərinizi sürətləndirməyə çağırırıq”.