Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciət edib.
sabahinfo.az xəbər verir ki, müraciətdə 28 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən dərin narahatlıq ifadə edilib.
Qeyd olunub ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində törədilən hərbi təxribatlar nəticəsində günahsız mülki şəxslər həlak olur, yaşayış məskənləri, təhsil ocaqları, ictimai binalar dağıdılır, münaqişə zonasında yerləşən tarixi abidələr, habelə ərazinin flora və faunası vəhşicəsinə məhv edilir.
Qurultay nümayəndələri müraciətdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, xarici ölkələrin hökumət rəhbərlərini və parlamentlərini Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırıb.