Bəhruz Məhərrəmlidən seçiciləri qarşısında HESABAT

Əziz dostlar, hörmətli seçicilər,

Ötən dövr ərzində Parlamentdə səsi olduğumuz Biləsuvarın sakinləri ilə aramızda yaranmış dərin bağlar, görülən işlər və nəzərdə tutduğumuz planlar məni yenidən Milli Məclisdə qəhrəmanlar diyarını təmsil etməyə cəsarətləndirdi. Qürurla deyə bilərəm ki, 5 il sonra seçicilərimizin qarşısına çox rahatlıqla, üzüağ, alnıaçıq çıxa bilirəm.

İlk növbədə ona görə ki, deputat fəaliyyətimiz dövründə daim Ulu Öndər siyasətinə və möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandana sədaqət öncəliyimiz olmuş, Parlamentin ali kürsüsündən bu istiqamətdə daim birmənalı şəkildə qəti və barışmaz mövqe ortaya qoya bilmişəm. Hesab edirəm ki, dövlətçiliyə sadiq biləsuvarlılar üçün bu ən önəmli kriteriyadır.

İkincisi, hər zaman, hətta pandemiya və müharibə dövrünün məhdudiyyətləri çərçivəsində belə seçicimiz üçün əlçatan olmuş, ötən dövr ərzində 10-u onlayn olmaqla, 149 qəbul keçirmiş, daxil olan 6900-dən artıq rəsmi müraciətin 83 faizinin tərəfimizdən, yaxud aidiyyəti orqanlara yönəltməklə həllinə nail olmuşuq.

Eyni zamanda Parlamentdə və mediada rayonumuzun qayğılarını daim diqqət mərkəzində saxlamış, hökumət strukturlarından kifayət sayda həllyönümlü cavablar almış və bu proses daim sosial media vasitəsilə seçicilərimizə kommunikasiya edilmişdir.

Qeyd olunan məqamlara və möhtərəm cənab Prezidentin Azərbaycanda nail olduğu azad, demokratik və bərabərliyin təmin olunduğu siyasi mühitə, habelə biləsuvarlıların dəstəyinə güvənərək 1 sentyabr növbədənkənar Parlament seçkilərində namizədliyimi irəli sürmüşəm.
Gün həmrəylik, birlik günüdür. Əminəm ki, müdrik Biləsuvar camaatı Zəfərimizdən sonra yaranan tarixi situasiyada yenidən etimad göstərərək mənə xalqımıza, dövlətimizə və Ulu Öndər siyasi kursuna sədaqətlə və daha əzmlə xidmət etməyə, qalib dövlətin Parlamentində bu zəhmətkeş haqq adamlarının səsi olmağa layiq biləcək.